13-14 noyabr 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Naxçıvan şəhərində Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr olunmuş "İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcəkdir.
Konfransın əsas məqsədi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin zəngin memarlıq irsinin, Naxçıvan memarlıq məktəbinin, İpək yolu üzərində formalaşmış şəhərsalma ənənələrinin, orta əsr memarlığının, mədəni irsin qorunması və müasir urbanizasiya proseslərinin elmi müstəvidə müzakirəsi, bu istiqamətlər üzrə yeni tədqiqatların təşviqi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsidir.
Konfrans tarix, memarlıq, şəhərsalma, sənətşünaslıq, mədəni irs, turizm, arxeologiya, regionşünaslıq və beynəlxalq mədəni əlaqələr sahələrində fəaliyyət göstərən alimleri, tədqiqatçıları, ali təhsil müəssisələrinin professor-müəllim heyətini, doktorantları, magistrantları və müvafiq sahə üzrə mütəxəssisləri bir araya gətirməyi hədəfləyir.
Konfransa təqdim edilən bütün elmi məruzələr Elmi Komitə tərəfindən anonim ekspertiza əsasında qiymətləndiriləcəkdir. Qəbul olunmuş məqalələr ISBN nömrəsi ilə nəşr ediləcək konfrans materialları toplusunda dərc olunacaqdır.
Sizi və rəhbərlik etdiyiniz kollektivin professor-müəllim heyətini, tədqiqatçılarını, doktorant və magistrantlarını konfransda iştirak etməyə, elmi nəticələrini təqdim etməyə və bu nüfuzlu beynəlxalq elmi platformanın fəal iştirakçılarından biri olmağa dəvət edirik.