AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin aparıcı elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov Rusiya Federasiyasının Nalçik şəhərində Zum vasitəsilə keçirilən “Buludların fizikası və onların hidrometeoroloji proseslərə aktiv təsiri” adlı Ümumrusiya açıq konfransında iştirak edib.
Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Üzrə Federal Xidmətinin Yüksək Dağ Geofizika İnstitutunun təşkil etdiyi tədbirdə elm, texnologiya və innovasiyalar üzrə aparıcı yerli və xarici mütəxəssislər iştirak edib.
Azərbaycanlı alim konfransda “Azərbaycan ərazisində iqlim dəyişiklərini proqnozlaşdırmaq üçün LEO (aşağı orbitli peyklərin) tətbiqi” mövzusunda məruzə edib. Əldə edilmiş nəticələrin statistik ilkin analizini aparan İ.Zeynalov bildirib ki, NOAA seriyası peyklərindən alınan məlumatların istifadəsi seçilmiş ərazidə iqlimin proqnozlaşdırılması və modelləşdirilməsi üzrə tədqiqatlar apararkən məkan və zaman baxımından daha məqsədəuyğundur.