Mərhum alimin monoqrafiyasının təqdimat mərasimi keçirilib 2021-08-26 15:51:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda müəssisənin elmi işlər üzrə sabiq direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənovun müəllifi olduğu “Müasir iqlim dəyişmələrinin Azərbaycanda əkinçiliyin bəzi sahələrinə təsiri” kitabının təqdimat mərasimi keçirilib.

Alimin  anadan olmasının 67-ci ildönümünə həsr olunmuş tədbirdə mərhumun övladları, müəllimi və dostları da iştirak ediblər.

M.Həsənovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov  alimin həyatı, elmi və təşkilati fəaliyyəti barədə  məlumat verib. Bildirilib ki, M.Həsənov iqlimşünaslıq və aqroiqlimşünaslıq sahəsində görkəmli bir alim kimi Azərbaycan coğrafiya elminin inkişafında danılmaz rol oynayıb. Əkinçiliyin, xüsusən taxıl bitkilərinin məhsuldarlığının və keyfiyyətinin artmasına iqlimin təsirini tədqiq etməklə Azərbaycan ərazisində taxılçılığın daha geniş yayılması, eləcə də təsərrüfatın inkişafı üçün böyük əmək sərf edib. Direktor eyni zamanda M.Həsənovun yüksək təşkilatçılıq bacarığını və fəaliyyətini də xüsusi qeyd edib.

Alimin öz monoqrafiyasını kitab halında  görə bilməməsinə təəssüflənən İnstitut direktoru onu hazırlayıb nəşr etdirən ailə üzvlərinə bütün coğrafiyaçılar adından təşəkkürünü və minnətdarlığını və İqlim sahəsində yeni kadrların yetişməsində kitabın xüsusi əhəmiyyəti olacağını bildirib.

İnstitut Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev çıxış edərək M.Həsənovun coğrafiya elmində qazandığı uğurlardan bəhs edib. Alimin  elmi potensialını yüksək dəyərləndirən HİK sədri, rəhmətə getməsəydi onun coğrafiya elminin inkişafı üçün hələ çox işlər görə biləcəyini dilə gətirib. 

İqlim və aqroiqlimşünaslıq şöbəsinin müdiri, c.ü.f.d. Xəyyam Rəhimov, Pirqulu Coğrafi Tədqiqatlar Stasionarının müdiri, aqrar elmlər doktoru Çingiz Gülalıyev, Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri, c.ü.f.d., dosent Zaur İmrani, mərhumun orta məktəb müəllimi Oqtay Zəngilanlı, yaxın dostu, polkovnik Allahverdi Teymurov çıxış edərək M.Həsənovla olan xatirələrini, eləcə də müəllifi olduğu monoqrafiya haqqında fikirlərini bölüşüblər.

M.Həsənovun oğlu Fatiq Həsənov söz alaraq ailəsi adından göstərdiyi diqqətə görə İnstitut rəhbərliyi və kollektivinə təşəkkürünü bildirib.

Tədbirin sonunda Məhərrəm Həsənovun  elmi və təşkilatı fəaliyyətini işıqlandıran videoçarx nümayiş etdirilib, kitabın nüsxələri ailə üzvləri tərəfindən iştirakçılara paylanılıb.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2021