Avqust ayının 8-də bp şirkətinin baş sponsorluğu ilə AMEA Coğrafiya İnstitutunun tərəfdaşı olduğu “CRIPTIC” layihəsi çərçivəsində Neftçala rayonunun Xəzər dənizi sahilindəki pilot ərazidə ilk çöl tədqiqatına start verilib. CRIPTIC - Cleaning Riverine Plastic from a Transboundary Inflow to the Caspian (Xəzər dənizinə axan transsərhəd çayların plastik tullantılardan təmizlənməsi) Handelens Miljøfund ekoloji fondu tərəfindən maliyyələşdirilən Norveç-Azərbaycan birgə elmi tədqiqat layihəsidir. CRIPTIC layihəsinin reallaşması həmçinin “ESRI”, “At-Geotech”, “Azərkosmos”, “MONT Qrup”, “SPECTRA”, “Az-Green”, “Caspian Geomatics”, “Quintessence C&S” şirkətləri tərəfindən dəstəklənir.
Layihənin Norveç tərəfindən əsas tərəfdaşları “Akvaplan-Niva”, Norveç Su Tədqiqatları İnstitutu (Norwegian Institute for Water Research NIVA), “SALT, Terra Nor”, Azərbaycan tərəfindən isə Azərbaycan Coğrafiya Cəmiyyəti, AMEA Coğrafiya İnstitutu, Xəzər İnteqrasiyalı Elmi-Tədqiqat Şəbəkəsi (CASPISNET), Su Mütəxəssisləri Birliyi, “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu tərəfindən təmsil olunur.
Layihənin “CRIPTIC” çərçivəsində tərəfdaşı olan Xəzər İnteqrasiyalı Elmi-Tədqiqat Şəbəkəsinin (CASPISNET) təşkilati dəstəyi ilə baş tutan bu çöl tədqiqatında müxtəlif universitetlər (UFAZ, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti), dövlət və özəl sektor olmaqla, on beşdən artıq təşkilatdan ekologiya, hidrologiya, okeanoqrafiya, iqlimşünaslıq, geofizika, coğrafiya, coğrafi informasiya sistemləri (CİS), məsafədən zondlama sahəsində təhsil alan və çalışan tələbə və mühəndislər iştirak edib.
“CRIPTIC” komandası pilot zonada uzunluğu 1.200 m, eni 140 m olan zolaqda dron çəkilişlərini yerinə yetirdikdən sonra xüsusi proqram təminatı vasitəsilə yığılan hər bir plastik tullantının onlayn qeydiyyatına və ərazinin təmizlənməsinə başlayıb. Azərbaycanda ilk dəfə tətbiq olunan bu metod bir çox mütəxəssis və aidiyyatı təşkilatlara müasir dünya təcrübəsindən yararlanaraq plastik tullantılara qarşı mübarızəni ən effektiv şəkildə yerinə yetirməyə kömək edəcək. Toplanmış plastik tullantılar AZGREEN şirkətinin dəstəyi ilə Bakıda yerləşən plastik tullantıların təkrar emalı ilə məşğul olan zavoda təhvil verilib.
“CRIPTIC” layihəsinin Azərbaycan üzrə rəhbəri, AMEA Coğrafiya İnstitutunun Xəzər Dənizinin Səviyyə problemi şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Səfərov Elnur bildirib ki, layihənin əsas məqsədi yaxın il yarım ərzində müasir peyk, dron müşahidələrinin, proqramlaşdırma dillərinin, maşın dili (machine learning), süni intellektin coğrafi informasiya texnologiyaları (CİS) platformasında kompleks tətbiqi ilə modelləşdirlilməsi və toplanan bu təcrübənin azərbaycanlı mütəxəssislərə öyrədilməsidir.
Layihənin üç iş paketindən ibarət olduğunu qeyd edən təşkilatçı bunların çay sahillərinin təmizlənməsi və Kür çayının plastik çirkləndiricilərinin klassifikasiyası, təmizləmə əməliyyatları üçün kartoqrafiya işlərinin yerinə yetirilməsi və ictimaiyyətin cəlb olunmasından ibarət olduğunu diqqətə çatdırıb. O həmçinin tədbirin uğurla keçirilməsində göstərdiyi dəstəyə görə Neftçala Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib.
E.Səfərovun sözlərinə görə, artıq CİS sahəsində dünya nəhəngi olan ABŞ-ın “ESRI” şirkəti ilə “CRIPTIC” çərçivəsində qarşılıqlı əməkdaşlıq haqqında ilkin razılaşma əldə olunub. “ESRI” şirkəti tezliklə layihənin maksimum effektiv şəkildə yerinə yetirilməsi istiqamətində fəaliyyətə başlayacaq.
Bundan əlavə, pilot zonada nisbətən iri plastik tullantıların daha böyük ərazilərdə yerləşməsini müəyyən edən yüksək ayırdetmə qabiliyyətli peyk təsvirlərinin qarşılıqlı əməkdaşlıq əsasında “Azərkosmos”un operatoru olduğu və Yer səthinin məsafədən müşahidəsi peyki “Azersky” tərəfindən təmin olunması da nəzərdə tutulub.
Daha kiçik tullantıların müəyyən olunması isə əməkdaşlıq çərçivəsində “AT-Geotech” şirkətinin dron çəkilişləri ilə artıq səkkiz 8 avqust tarixindən etibarən başlanılıb.
E.Səfərov həmçinin onu da qeyd edib ki, CRIPTIC layihəsini müvəffəqiyyətlə başa vurmaları üçün layihəyə qatılacaq 200-dək tədqiqatçının layihənin gedişatına uyğun olaraq mərhələli şəkildə CİS, məsafədən zondlama, kartoqrafiya və bununla bağlı müxtəlif mühəndis modelləşmə təlimləri təşkil olunacaq. Dərslər Caspian Geomatics və “Quintessence C&S” tərəfindən planlaşdırılır.