Türkiyənin Dokuz Eylül Universitəsi - Dəniz Elmləri və Texnologiyaları İnstitutunun (IMST) direktoru, prof. Erdeniz Yozel və AMEA akademik H.Əliyev adına Coğrafiya Institutunun direktoru, akademik Ramiz Məmmədovun iştirakı ilə bu iki müəssisə arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
Memoranduma əsasən tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə birgə işlər və proqramlar həyata keçirəcəklər. Okeanoqrafiya İnstitutu (IO) Dəniz Elmləri və Texnologiyaları Universitəsinin tədqiqatçıları və administrator arasında dialoq üçün mexanizm təmin olunacaq, dəniz elmləri, texnologiyaları və dəniz tədqiqatları üzrə yeni çoxistiqamətli ideyalar və birgə elmi-tədqiqat proqramları planlaşdırılacaq və eləcə də həyata keçiriləcək, birgə proqramlarla bağlı elmi kadrların mübadiləsi asanlaşdırılacaqdır.
Beş il üçün nəzərdə tutulan Memorandumun müddəti qarşılıqlı razılıq əsasında uzadıla bilər.
Anlaşma Memorandumunun əsası bu ilin fevral ayında türk okeanoloqları – Beynəlxalq İslam Dövlətlərarası Elmi-Texniki Okeanologiya Şəbəkəsinin icraçı direktoru, professor Dr. Mustafa Ergün və Dokuz Eylül Universitəsinin professoru Dr. Günay Çifçinin Coğrafiya İnstitutuna səfəri zamanı qoyulmuşdur.