AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov ARB kanalında külək və onun fəsadları haqqında danışıb.
Bakıda küləklərin getdikcə çoxalmasının dünyada baş verən qlobal iqlim dəyişmələri ilə əlaqədar olduğunu söyləyən alim, bu təbiət hadisəsinin getdikcə daha da artacağını və onların həm tezliyinin, həm də amplitudunun (gücünün) artmasının gözlənilən olduğunu vurğulayıb. Akademik deyib ki, küləyin fəsadları təkcə evlərin dam örtüklərinin uçması, ağacların aşması kimi hallarda özünü göstərmir, bu fəsadlar açıq dənizdə gəmilərin hərəkətində, neftçilərin fəaliyyətində, tikintidə daha kəskin şəkildə özünü büruzə verir. Xalq arasında “qara yel” deyilən güclü külək əkin sahələrində bitkilərin məhvinə də səbəb ola bilər.
“Bəs, küləyin fəsadlarından necə qorunmalı” sualına alim “ondan qorunmaq yox, ona adaptasiya olunmaq lazımdır, insanlar belə hadisələrin istənilən an baş verə biləcəyini nəzərə almalı, həmişə hazırlıqlı olmalıdırlar” cavabını verib.