AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının iclasında bir neçə məsələnin müzakirəsi olub.
Əvvəlcə Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, c.e.d. Nəriman Paşayev “Azərbaycan Respublikasında heyvandarlığın dayanıqlı və perspektiv inkişafının iqtisadi coğrafi tədqiqi” mövzusunda məruzə edib.
Sonra Qarabağın coğrafiyasına həsr edilmiş monoqrafiyanın hazırlanması məsələləri müzakirə edilib, ilkin xəritəyə baxış keçirilib. Kitabın sahələr üzrə bölmələrinə məsul əməkdaşların toplanaraq ayrıca müzakirə keçirmələri qərara alınıb.
Kadrlar şöbəsinin müdiri Rəsul İsmayılov pandemiya şəraiti ilə əlaqədar olaraq, Institut əməkdaşlarının işə davamiyyətinin vəziyyəti haqqında danışıb, keçən fevral ayı üçün əməkdaşların işə saat hesabı ilə davamiyyəti barədə məlumat verib, işçilərin qəbul edilmiş qaydalara riayət edərək işə davamiyyətinə şöbə müdirlərinin nəzarət etmələrini məqsədyönlü hesab edib.
İnstitutun Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev qarşıdan gələn 8 Mart Beynəlxalq qadınlar Günü münasibəti ilə Coğrafiya İnstitutunun qadın əməkdaşlarını rəhbərlik adından təbrik edib, coğrafiya elminin inkişafında xüsusi rolu olan qadın alimləri yada salıb, eləcə də İnstitutun elmi və ictimai həyatında qadınların fəal rol oynadıqlarını diqqətə çatdırıb.
Tədbirin sonunda qadın əməkdaşlara hədiyyələr paylanılıb.