Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, c.q.f.d., dosent Starə Tarixazər yanvarın 28-də Bayıl qəsəbəsində baş verən yeni sürüşmə zonasında olub.
Alimin sözlərinə görə Bayıl qəsəbəsinin “20-ci sahə”sindən keçən yolun sağ istiqamətində Badamdar yaylasının yamacında baş verən sürüşmə nəticəsində 1 ictimai iaşə obyekti, 2 şəxsi mülk ziyan çəkmiş, bu ərazidən keçən avtomobil yolunda hərəkət dayandırılmışdır. Sürüşmənin yaranmasının əsas səbəbi yuxarı yamaclarda tikilən yaşayış binalarından kanalizasiya sularının yamac boyu aşağı axıdılması olmuşdur.
S.Tarixazər qeyd edib ki, bu zonada ən aktiv sürüşmə hadisəsi 2018-ci il oktyabrın 13-də qeydə alınmışdı ki, bu zaman ərazidə sürüşmənin qarşısını almaq məqsədilə tikilən dayaq divarları sökülmüşdü. Çökmə kütləsinin eni 250 m, uzunluğu 200 metrdən, hündürlüyü isə 15 m.-dən çox idi. Bu riskli sürüşmə zonasında 11 yaşayış evi, çayxana və restoran zərər çəkmişdi.
2020-ci il yanvarın 9-da növbəti sürüşmə zamanı 100 m. enində çökmə kütləsi avtomobil yolunu bağlamışdı. 2020-ci il noyabrın 17-də də sürüşmə prosesi aktiv hal almışdı.