AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, İnstitutun Qadınlar şurasının katibi Xanım Rzazadə AMEA-da “Qadın alimlər COVID-19 ilə mübarizədə ön sıralarda” mövzusunda keçirilən onlayn konfransda iştirak edib.
Tədbir Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın Qadınlar Şurası və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə baş tutub. Konfransda AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, TƏBİB-in departament rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yaqut Qarayeva, TƏBİB, ATU və BDU, eləcə də AMEA institutlarının nümayəndələri iştirak ediblər.
Konfrans gedişində “COVID-19 infeksiyasının profilaktikası istiqamətində görülən işlər”, “COVID-19 pandemiyasının ölüm statistikasında gender fərqləri”, “Koronavirus paradoksu: vaksinlər və mutasiyalar, kim qalib gələcək”, “Yeni koronavirusla mübarizədə dərman bitkilərinin rolu”, “COVID-19 pandemiyası dövründə xəstəxanaların hazırlığı və müsalicə işinin təşkili”, “COVID-19 xəstələrində exokardioqrafik dəyişikliklər” və s kimi mövzularda 14 adda məruzə dinlənilib.