Elmi şuranın iclasında Cİ-nin 5 illik planı təsdiq edilib 2021-01-26 10:55:00 / ELMİ İCLASLAR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının iclası keçirilib. Tədbir AMEA Rəyasət Heyətinin  AMEA-da 2021-2025-ci illərdə aparılacaq elmi tədqiqat işlərinin planları haqqındakı qərarına uyğun olaraq təşkil edilib.

İclasa sədrlik edən müəssisənin direktoru, akademik Ramiz Məmmədov gündəlikdə duran məsələ ilə iştirakçıları tanış edib. O bildirib ki, Azərbaycanın  Qarabağ bölgəsinin 30 ilə yaxın müddətdə işğal altında qalması bu torpaqların əsil sahiblərini  əraziləri tədqiq etmək və istifadəsindən yararlanmaq imkanlarından kənarda saxlamışdı. Lakin ölkə prezidenti, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızı vəhşi erməni qəsbkarlarından azad etməsi bizə yenidən bu imkanı yaratdı. Bu bölgədə tədqiqatların bərpasına, ərazinin fiziki, iqtisadi və insan  coğrafiyasının öyrənilməsinə böyük ehtiyac var.  Ona görə də işğaldan azad edilmiş Qarabağın fundanental olaraq öyrənilməsi İnstitut əməkdaşlarının öndə duran ən vacib vəzifələrindən biridir.

İnstitutun 2021-2025-ci illər üçün nəzərdə tutduğu elmi tədqiqat işlərinin planı müzakirəyə qoyulub. Bəzi dəyişiklik və təkliflər nəzərə alınaraq 2 problem -Azərbaycan Respublikası ərazisində qlobal iqlim dəyişmələrinin yaratdığı ekstremal halların ətraf mühitə və sosial-iqtisadi şəraitə təsirinin qiymətləndirilməsi və adaptasiya təkliflərinin hazırlanması və  Xəzər dənizi ekosisteminin kompleks tədqiqi  üzrə 5 mövzu  Elmi şura tərəfindın təsdiq edilib. 

İclasda həmçinin digər müxtəlif məsələlər də müzakirə edilib.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2021