Cİ Elmi şurasının iclası keçirilib 2021-01-19 03:53:00 / ELMİ İCLASLAR

AMEA akademik  H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının iclası keçirilib.

İlk öncə 20 yanvar faciəsinin qurbanları 1 dəqiqəlik sükutla yad edilib. İnstitutun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, yaddaşlardan silinməyən, xalqımızın azadlıq rəmzinə çevrilmiş qanlı yanvar hadisələri bizim  əsarətə, mütiliyə boyun əyməyən, zorakılığa, vəhşiliyə  qarşı barışmaz olduğumuzu, cəsur, mərd və mətin bir xalq olduğumuzu bütün dünyaya nümayiş etdirdi. Rus imperiyası ordusunun saqqallı quldur dəstələrini  Bakıya yeridərkən xalqı qorxutmaq, azadlığını əlindən almaq, ölkəni az qala müstəmləkə halına salmaq məqsədini güdürdü. Lakin bu belə olmadı. Yanvarın 19-dan 20-nə keçən gecə mərd oğul və qızlarımızın qanı bahasına Azərbaycan özü özünün sahibi olduğunu və heç kəsin boyunduruğu altında yaşamayacağını hamıya sübut etdi. Xalqımızın azadlıq mübarizəsinin davamı olan İkinci Qarabağ müharibəsi bizi bir daha dünya xalqları arasında qalib və qəhrəman bir xalq kimi tanıtdı.

Çıxışının sonunda Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə rəhmət diləyən akademik qazilərimizə Allahdan şəfa, onların və şəhidlərin ailələrinə səbr, dözüm arzulayıb.

Sonra  2021-ci il üçün Coğrafiya İnstitutunun elmi tədqiqat işlərinin planı, Qarabağın coğrafiyasına həsr edilmiş kitabın hazırlanması məsələləri müzakirə edilib. Qarabağ bölgəsinin coğrafi mövqeyi, relyefi, daxili suları, təbii ehtiyatları, iqlimi, torpaq və bitki örtüyü, demoqrafiyası, turizm perspektivlərinin və s. tədqiqi plana salınıb, eləcə də yeni hazırlanacaq  kitabda bu məsələlər öz əksini tapacaq.

Daha sonra İnstitutun  struktur məsələsinə baxılıb. Qərara alınıb  ki, şöbə müdiri Nizami Eyyubovun dünyasını dəyişməsilə əlaqədar, AMEA müəssisələrində keçiriləcək yeni struktur dəyişikliklərinə qədər rəhbəri c.e.d. Zakir Eminov  olmaqla, müvəqqəti olaraq, Əhali və demoqrafiya şöbəsi Tibbi coğrafiya şöbəsi ilə birləşdirilsin.