Rəyasət Heyətində növbəti hesabat iclası keçirilib 2021-01-13 22:12:00 / MÜHÜM HADİSƏLƏR

Yanvarın 13-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin akademiyanın Yer, Biologiya və Tibb Elmləri bölmələrinin, eləcə də Lənkəran və Şəki Regional Elmi mərkəzlərinin 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinin yekunlarına həsr olunan iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin üzvləri, hesabatları təqdim edilmiş müəssisələrin direktorları, aparatın idarə və şöbə müdirləri də iştirak ediblər.

İclası akademik Ramiz Mehdiyev açaraq yığıncağın gündəliyindəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Rəyasət Heyətinin iclasına çıxarılan ilk məsələ AMEA-nın Yer Elmləri Bölməsinin (YEB) 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında olub.

Mövzu ilə bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İbrahim Quliyev bildirib ki, hesabat ilində bölmənin fəaliyyətində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Аzərbаycаn  Rеspublikаsındа  sənayenin inkişafına  dair  2015-2020-ci  illər  üçün  Dövlət  Proqramı”, “AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası”, eləcə də Rəyasət Heyətinin “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın Tədbirlər planı haqqında” qərarının müvafiq bəndləri əsas götürülüb və bir sıra mühüm nəticələr alınıb.

Məruzəçi ötən il YEB üzrə statistik məlumatları diqqətə çatdıraraq, elmi müəssisələrdə 12, bölməyə daxil olmayan elmi tədqiqat, təhsil və sahə müəssisələrində 1 mühüm nəticənin alındığını, 2 işin isə tətbiq edildiyini diqqətə çatdırıb. O, bölmənin alimləri tərəfindən vulkan palçığının xammalı əsasında üzvi-mineral gübrənin hazırlandığını və elmi ixtiranın Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində patentləşdirildiyini, seysmoloji mühəndis-geofiziki və geodezik üsullar əsasında Azərbaycanın aktiv sürüşmə sahələrinin dinamik rejiminin modelləşdirilmə texnologiyasının müvəffəqiyyətlə tətbiq olunduğunu, ölkə ərazisində alternativ və bərpaolunan enerji potensialı, geotermal enerji sahəsində tədqiqatların aparılması, Azərbaycanın günəş enerjisi atlasının yaradılması istiqamətində tədqiqatların aparıldığını qeyd edib. O cümlədən, ilk dəfə Günəş panellərinin gündəlik optimal istiqamətini təyin etməyə imkan verən analitik metodunun işlənməsi, alqoritm və proqram paketinin hazırlanması, Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal stansiyalar tərəfindən qeydə alınmış məlumatlar əsasında 3D sürət modellərinin qurulması və Azərbaycan ərazisinin keçid zonalarında Yer qabığının sürət qeyribircinsliyinin müəyyən edilməsi ilin mühüm nəticələri sırasında yer alır.

Akademik İbrahim Quliyev hesabat ilində bölmə üzrə 100-ü xaricdə, 61-i impakt faktorlu jurnallarda olmaqla 223 məqalənin, 13-ü xaricdə olmaqla 33 tezisin nəşr edildiyini bildirib.

Hesabatda YEB-də elektron elmin vəziyyəti, qrant layihələri, elm və təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr və laboratoriyalar, konfranslar, seminar və yubileylər, təltiflər, elmi tədqiqat ekspedisiyaları haqqında da məlumatlar öz əksini tapıb.

Daha sonra AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib. Hesabatı təqdim edən AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İradə Hüseynova çıxış edərək bildirib ki, ötən il bölmədə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, həmçinin dövlət proqramları və AMEA Rəyasət Heyətinin qərarları çərçivəsində mühüm işlər görülüb.

Akademik İradə Hüseynova 2020-ci ildə BTEB-də kompüter biologiyası, maşınöyrənmə üsullarının, süni intellektin biologiya və təbabətdə tətbiqi, eləcə də dərman preparatlarının işlənib hazırlanmasında və reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi, patologiyaların fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi istiqamətində araşdırmalar aparıldığını söyləyib. Bildirib ki, bölmədə biologiya üzrə 21, tibb sahəsində 12, bölmədənkənar 1 mühüm nəticə əldə olunub, o cümlədən 13 kitab (2-si xaricdə), 10 monoqrafiya (1-i xaricdə), 574 məqalə (357-si xaricdə, onlardan 160-ı impakt faktorlu jurnallarda) və 262 tezisin (118-i xaricdə) nəşr olunduğunu diqqətə çatdırıb.

40-dan çox ölkənin 80-ə yaxın elmi tədqiqat və təhsil müəssisələri, genbankları, nəbatat bağları, eləcə də beynəlxalq mərkəz və təşkilatları ilə əlaqələrin davam etdirildiyini deyən alim bölmədə həyata keçirilən qrant layihələri, kadr hazırlığı, elm və təhsilin inteqrasiyası, təltiflər haqqında da məlumat verib.

Biologiya və Tibb Elmləri, eləcə də Yer Elmləri bölmələrinin hesabatları dinlənildikdən və müzakirələr aparıldıqdan sonra Rəyasət Heyəti müvafiq qərarlar qəbul edib, tətbiq əhəmiyyətli tədqiqatların artırılması, bölmə institutlarının meqalayihələrdə iştirakının genişləndirilməsi ilə bağlı tapşırıqlar verilib.  

İclasın gündəliyində yer alan digər məsələlər AMEA-nın Lənkəran Regional və Şəki Regional elmi mərkəzlərinin 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında olub. Onlayn formatda iclasa qatılan Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmləri doktoru Fərman Quliyev və Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü müəssisələrin hesabatlarını təqdim ediblər. Hesabat dinlənildikdən sonra Rəyasət Heyəti tərəfindən qəbul olunub və müvafiq qərarlar verilib.

Təqdim olunan hesabatlar üzrə müzakirələrdə AMEA-nın akademik-katibi, akademik Adil Qəribov, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, akademik Akif Əlizadə, akademik Ramiz Məmmədov, müxbir üzv Qurban Yetirmişli və başqaları çıxış edərək təklif və mülahizələrini bildiriblər.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev hesabatı dinlənilən müəssisə rəhbərlərinə fəaliyyətlərini dövlət tərəfindən verilən tapşırıqlar üzrə qurması, dövlət başçısının akademiya qarşısında elmi tədqiqatların praktiki yönümdə tətbiqi ilə bağlı qoyduğu vəzifələrdən irəli gələrək praktiki tədqiqatlara, tətbiqi işlərə üstünlük verməsi, elmi tədqiqatların tətbiqinə nail olmaq üçün aidiyyatı problemlər üzrə ölkənin müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərmələri istiqamətində tövsiyə və tapşırıqlarını verib.

science.az