Sentyabrın 10-da Qafqaz Regional Ekoloji Mərkəzinin AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu ilə birgə “Qafqaz Regionunda Meşələrə Qlobal baxış ” adlı layihənin təqdimatı və AMEA Coğrafiya İnstutu ilə mümkün əməkdaşlıq imkanlarının onlayn müzakirəsi keçirilib.
Tədbirdə Regional ekoloji mərkəzin Azərbaycan nümayəndəliyi - direktor Mələk Şükürova, layihə meneceri Yusif Abdurızaqov, layihənin CİS eksperti Murad Camalov və Coğrafiya İnstitutu tərəfindən - direktor, akademik Ramiz Məmmədov, elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov, şöbə müdiri, dosent Mirnuh İsmayılov və elmi katib Zərnurə Həmidova iştirak ediblər.
Akademik Ramiz Məmmədov çıxışında diqqətə çatdırıb ki, Azərbaycan ərazisinin 11 faizini təşkil edən meşələrin 85 faizi dikliyi yüksək olan dağ yamaclarında yerləşməklə əvəzolunmaz torpaqqoruyucu, su təmizləyici və iqlim saflaşdırıcı əhəmiyyətə malik olduğuna görə onların qorunması, dövlət tərəfindən mühafizəsi çox böyük önəm daşıyır. Belə ki, ölkə Prezidenti cənab İlham Əliyev meşə zolaqlarının salınmasına diqqət yetirilməsinin vacibliyini dəfələrlə vurğulayıb.
Tədbirdə layihənin texniki ekspert qrupunun yaradılması məsələsi müzakirə edilib.