AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin AMEA-nın Yer Elmləri Bölməsinin elmi-tədqiqat müəssisələrinin rəhbərləri ilə görüşü keçirilib.
Görüşdə Yer Elmləri Bölməsinin Elmi Şurasının sədr müavini, Neft və Qaz İnstitutunun direktoru v.i.e., akademik Fəxrəddin Qədirov, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, həmin institutun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov, Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov və başqaları iştirak edib.
Tədbirdə Yer Elmləri Bölməsi alimlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 27-də təsdiq etdiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələr müzakirə olunub.
Həmçinin ölkə başçısının qarşıya qoyduğu vəzifələrin icrasında AMEA-nın elmi potensialından geniş istifadə olunmasının zəruriliyi qeyd edilib, elmi müəssisələrə ölkəmizin su ehtiyatlarının yeni məlumatlar nəzərə alınaraq müasir üsullardan istifadə olunmaqla yenidən qiymətləndirilməsi, əsas hidroqovşaqların yer seçimində relyef və müasir geomorfoloji proseslərin dinamikasının, geoloji və ekoloji risklərin araşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Bununla yanaşı, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın layihəsinin hazırlanması, “Elektron su təsərrüfatı” informasiya sisteminin yaradılması, alternativ mənbələrdən, o cümlədən Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflərin hazırlanması da həlli vacib tədbirlərdən hesab olunub.