Azərbaycan televiziyasının Mədəniyyət kanalında AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun gənc aıimləri, coğrafiya üzrə fəlsəfə doktorları – Azərbaycanın turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri Zaur İmrani və Natəvan Cəfərovanın iqtisadi coğrafiya sahəsində elmi fəaliyyətindən bəhs edən “Dəryada damla” verilişinin növbəti sayı nümayiş etdirilib.
Coğrafiyaçı alimlər dünya iqtisadiyyatının aparıcı sahələrindən olan iqtisadi coğrafiyanın tarixi, iqtisadiyyatın inkişafındakı önəmli rolu, əsas fəaliyyət istiqamətləri, bu sahədə tanınmış alimlər, bu elmin öyrənilməsinin əhəmiyyəti və s. haqqında məlumat veriblər. Bildirilib ki, dövlər proqramlarının hazırlanmasında yaxından iştirak edən və təbiətlə cəmiyyət arasındakı qarşılıqlı əlaqələri öyrənən iqtisadi coğrafiyaçılar Azərbaycan ərazisində yaşayan etnik qrupların yaşayışının, adət-ənənələrinin öyrənilməsində regional siyasətə istinad edirlər.
Göstərilir ki, N.Cəfərova və Z.İmrani bacarıqlı mütəxəssis olmaqla yanaşı həm də əldə etdikləri bilik və bacarıqlarını tələbələrinə aşılayan, coğrafiyanı onlara daha da sevdirən Bakı Dövlər Universitetinin müəllimdirlər. Onların hər ikisi müxtəlif beynəlxalq layihələrdə yaxından iştirak edir, yüksək indeksli nüfuzlu jurnallarda elmi məqalələr çap etdirir, kitab və dərsliklər hazırlayırlar. Gənc alimlər qeyd edirlər ki, İnstitut müasir avadanlıqlarla təchiz olunarsa, daha az müddətdə daha əhəmiyyətli nəticələr əldə etmək mümkündür.