Еlmi şuranın iclası keçirilib 2016-09-28 17:00:00 / ELMİ İCLASLAR

Sentyabrın 28-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilıb. R.Məmmədov gündəlikdə duran məsələlər haqqında məlumat verdikdən sonra məruzələrə və onların müzakirəsinə başlanıb.

Coğrafiya elmləri doktoru  Zakir Eminov 2016-cı il sentyabrın 12-13-də Şəki şəhərində keçirilən   respublika konfransının yekunları barədə məlumat verib. İclas iştirakçıları yekdilliklə konfransın yüksək səviyyədə keçirildiyini və onun müsbət nəticələr verəcəyinə ümid bəslədiklərini qeyd ediblər.

Sonra akademik Ramiz Məmmədov sentyabrın 22-24-də Qazaxıstanın Almatı şəhərində Birləşmiş Millətlər Təşkilatının elan etdiyi “Həyat üçün su” onilliyinin nəticələrinə həsr olunmuş “Mərkəzi Asiyanın su ehtiyatları və onlardan istifadə” Beynəlxalq elmi-praktik konfransda iştirakı barədə məlumat verib. Alim “İqlim dəyişkənliyi şəraitində Mərkəzi Asiyanın su resursları” bölməsində “İqlim dəyişmələrinin Cənubi Qafqazın su resurslarına təsiri” mövzusunda geniş  məruzə ilə çıxış etmiş, uyğun təkliflər vermişdir.

“Xəzər dənizinin monitorinqi” şöbəsinin kiçik elmi işçisi Hüseynova Xədcəxanım bir qrup gənc tədqiqatçı ilə birlikdə sentyabrın 5-dən 17-dək Gürcüstanda təşkil olunmuş “Yeni dağ üfüqləri: Dəyişən dünyada Qafqaz regionu” yay məktəbində iştirakına həsr olunmuş məruzəsini təqdim edib. O qeyd edib ki, yetişməkdə olan gənc alimlər arasında qarşılıqlı əməkdaşlığın təmin edilməsi məqsədini daşıyan bu məktəbdə gənc tədqiqatçılar elmi və praktiki biliklərini artırmaq, xarici ölkələrin gənc alimləri ilə mütəmadi olaraq fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.

Sonra elmi katib, c.ü.f.d. Zərnurə Həmidovanın təqdimatında doktorant Niftiyev Familin və dissertant Cəfərova Firuzənin əlaqədar səbəblərdən elmi rəhbərlərinin  dəyişdirilməsi, dissertant İlham Mərdanovun elmi məsləhətçisinin təyini haqqında məsələlərə baxılıb.

Elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə Coğrafiya İnstitutunun Elmi şurasının tərkibi barədə çıxış edib. İnstitut strukturunda olan dəyişikliklərlə əlaqədar olaraq, elmi katib, c.ü.f.d. Zərnurə Həmidovanın, yeni yaranmış şöbələrin müdirləri – Müseyib Yunusov, Zaur İmrani və Zabit Allahverdiyevin Elmi şuranın tərkibinə daxil olmaları məsləhət görülüb. Adları çəkilən əməkdaşların Elmi şuraya üzvlüyü yekdilliklə qəbul edilib.

İclasın sədri R.Məmmədov qarşıdan gələn 2017-ci ildə görkəmli coğrafiyaşünas alim Həsən Əliyevin 110 illiyi barədə məlumat verib. Bu münasibətlə 2017-ci ilin oktyabr-noyabr aylarında “Qlobal ekoloji problemlər və Azərbaycan” mövzusunda Beynəlxalq elmi konfransın  keçirilməsi haqqında qərar qəbul edilib.

Sonra direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə 2016-cı ilin yekun elmi hesabatının hazırlanması haqqında məsələni müzakirəyə çıxarıb. Qərara alınıb ki, şöbələrin həm illik elmi, həm də informasiya-məlumat hesabatları yeni strukturda hazırlanaraq İnstitutun elmi katibinə təqdim edilsin.

Daha sonra c.ü.f.d. Mirnuh İsmayılov “Coğrafiya və təbii resurslar” jurnalının növbəti nömrəsinin çapa hazırlığının vəziyyəti haqqında iclas iştirakçılarına məlumat verib.

Bununla da Elmi şura işinə yekun vurub.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2021