Sputnik.az saytında AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya institutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin “İKİNCİ XƏZƏR GÖLÜ: onu Xəzər dənizi ilə bağlayan nədir?” adlı məqaləsi dərc edilib.
Elmi fəaliyyətində Azərbaycan toponimlərinin tədqiqinə mühüm yer ayıran alim koronovirus pandemiyası ilə əlaqədar elan edilmiş karantin dövründə Turkiyənin Xəzər gölünün etimologiyası ilə maraqlanmış, bununla əlaqədar araşdırmalar aparmışdır. Müəllif eyni konkret məkanda iki coğrafi obyektin adında “Xəzər” sözünün mövcudluğunun onların xəzər tayfaları ilə mütləq şəkildə əlaqəli olmasına şübhə etmir, xəzərlərin bu yerlərə haradan və necə gəlib çıxmaları haqqında mülahizələr yürüdür.
Xəzər dənizi ilə Türkiyə ərazisindəki Xəzər gölü arasında fiziki bağlılığın olmadığını bildirən R.Fətəliyev diqqəti hər ikisinin Azərbaycan xalqının etnogenezində əhəmiyyətli rol oynamış qədim xəzər tayfalarının adı ilə bağlı olduğuna yönəldir.
Sonda tədqiqatçı yazır: “Hər bir toponim tarixin kodlaşdırılmış yaddaş səhifəsidir, onların açılması, öyrənilməsi tariximizin doğru-düzgün yazılmasında və milli-mənəvi dəyərlərimizin formalaşmasında mühüm əhəmiyyət kəsb edir, xüsusilə indiki dövrdə, Qarabağ uğrunda gedən mübarizə şəraitində. Buna görə, qədim toponimlərin multidissiplinar səviyyədə mütəxəssislər tərəfindən araşdırılmasına ciddi ehtiyac var, çünki belə faktlar ölkəmizin ərazisinin əzəli türk torpaqları olmasını düşmənə sübut etmək üçün ən təsirli mənəvi silah, dünya ictimaiyyətini inandırmaq üçün isə etibarlı mənbədir”.