AMEA-nın əməkdaşları bu çətin günlərdə səfərbərlik nümayiş etdirirlər 2020-04-14 15:13:00 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institut və təşkilatlarının rəhbərləri, alim və mütəxəssisləri, əməkdaşları ölkəmizdə koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində ölkə rəhbərliyi tərəfindən verilən qərarların icrasında fəal iştirak edir, xüsusi karantin rejiminin qaydalarına ciddi riayət edirlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiya elan etdiyi bu xəstəliyin inkubasiya dövrünün uzun olması və ona qarşı peyvəndin hələ də tapılmaması dövlətləri daha ciddi tədbirlər görməyə sövq edir. Pandemiyanın yayıldığı dövlətlər ÜST-nin tövsiyə və tələblərini rəhbər tutaraq zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirirlər. Bununla əlaqədar olaraq, Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlər çərçivəsində AMEA da daxil olmaqla, bir sıra dövlət orqanları və onların tabeliyində olan qurumların əməkdaşları 2020-ci il martın 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilib. Eyni zamanda, akademiyanın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlər xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilir.

Bunu AZƏRTAC-a müsahibəsində AMEA Rəyasət Heyəti aparatının ictimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova söyləyib. O qeyd edib ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, həmçinin magistrantlar üçün təhsil prosesinin müəyyən olunmuş müddətdə həyata keçirilməsini, tədris olunan fənlərin tədris planlarında nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə sərəncam imzalayıb. Hazırda AMEA-nın magistrantları elmi-pedaqoji təcrübə və təhsillərini distant formada davam etdirir, tədris prosesinə cəlb edilmiş professor-müəllim heyəti ilə sosial şəbəkələr vasitəsilə tez-tez əlaqə saxlayır, verilən tapşırıqları yerinə yetirirlər.

Akademiyada fəaliyyət göstərən alim və tədqiqatçılarımız həm Azərbaycanda, həm də xarici ölkələrdə yaşayan həmkarları ilə virtual əlaqə yaradır, eyni zamanda, xalqa mənəvi dəstək olmaqla əsl ziyalı mövqeyi nümayiş etdirirlər. AMEA-nın əməkdaşları Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” portalının elan etdiyi “Evdə qal, evdə yarat” təşəbbüsünə dəstək verərək onlayn rejimdə fəaliyyət göstərir, elmi yaradıcılıqlarını davam etdirirlər.

Xüsusi karantin rejimində AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytları da məsul əməkdaşlar tərəfindən onlayn idarə olunmaqla İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” şəbəkəsinin göstərdiyi xidmətlər əsasında fəaliyyət göstərir. AMEA-nın Mərkəzi Elmi Kitabxanası isə oxuculara yüksək səviyyədə onlayn xidmət təklif edərək, əməkdaşların evdə öz vaxtlarını səmərəli keçirmələrinə şərait yaradır.

“Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin siyahısına AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi də daxildir. Hazırda mərkəzin Zəlzələlərin tədqiqatı bürosu gücləndirilmiş iş rejimində işləyir.

AMEA-nın müəssisə və təşkilatlarının rəhbərləri Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım kampaniyasına da qoşulublar.

Koronavirus pandemiyası ilə bağlı mikrobiologiya sahəsində fəaliyyət göstərən tədqiqatçılarımız ciddi araşdırmalar aparırlar.

Akademik Ramiz Mehdiyev AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə koronavirusdan qorunma üsulları haqqında KİV-də çıxışlar edilməsi, məlumat xarakterli materialların dərc olunması ilə bağlı tapşırıqlar verib. Bu tapşırıqlar əsasında institutun alim və mütəxəssislərinin koronavirusun növləri, diaqnostikası, o cümlədən bu xəstəliyə qarşı hazırlanması nəzərdə tutulan peyvəndlərə dair məqalələri dərc olunur, televiziya və internet saytlarında məzmunlu müsahibələri təqdim olunur. Onlar hər kəsi karantin rejiminə riayət etməyə, həmrəylik nümayiş etdirməyə və virusa qarşı mübarizə aparmağa çağırırlar. Həmçinin sosial məsuliyyəti dərk etməyi və nikbin düşünməyi tövsiyə edirlər.

Akademiyanın rəsmi veb-portalı olan science.gov.az da ölkənin çətin günlərində üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirərək ictimaiyyəti məlumatlandırmaqda davam edir. Veb-portalda hər gün AMEA-nın institut və təşkilatlarının əməkdaşlarının xüsusi karantin rejiminə uyğun olaraq gördüyü işlər, eləcə də dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə bağlı son məlumatlar işıqlandırılır.

Əminik ki, dövlətin gördüyü ciddi tədbirlər, verdiyi mühüm qərarlar, eləcə də xalqın iradəsi nəticəsində qısa bir zamanda ölkəmiz bu pandemiyadan xilas olacaq və hər birimiz öz iş yerlərimizə qayıdaraq fəaliyyətimizi davam etdirəcəyik!”, - deyə N.Qəhrəmanova vurğulayıb.

science.gov.az