Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mart ayının 3-dən bütün təhsil müəssisələrində, o cümlədən AMEA-nın magistraturasında tədris prosesi müvəqqəti dayandırılıb.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) təhsilin təşkil edilməsi haqqında” sərəncamına uyğun olaraq tədris prosesində yeni yanaşmanın tətbiqinə başlanılıb. Hazırda AMEA-nın magistraturasında distant tədris prosesi tam təmin edilib.
Bu barədə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov məlumat verib.
O, bildirib ki, hazırda AMEA-nın magistraturasında 188 magistrant təhsil alır. Bu da ümumilikdə 25 ixtisas üzrə 84 ixtisaslaşmanı əhatə edir. AMEA-da tədris prosesinə 217 nəfərlik professor-müəllim heyəti cəlb olunub ki, onların hər biri distant təhsil prosesində uğurla iştirak edir.
Dünya təcrübəsində distant təhsil müxtəlif üsul və vasitələrdən istifadə edilməklə həyata keçirilir. AMEA-da əsasən “sinxron” distant təhsilə üstünlük verilir. Çünki bu, davamlı təhsil üçün ən çox istifadə edilən öyrənmə üsuludur. Bu yolla müəllim və magistrantlar arasında təmas virtual auditoriyalarda onlayn (canlı) telekonfrans və ya vebinarlar şəklində həyata keçirilir. AMEA-nın professor-müəllim heyəti dərslərini əsasən dünyada ən çox istifadə olunan onlayn təhsil platformalarından istifadə etməklə həyata keçirirlər. Müəllimlər tərəfindən tədris planlarına və pedaqoji tələblərə uyğun olaraq magistrantlar üçün distant məsləhət saatları müəyyənləşdirilib və bu saatlarda fənlərin mənimsənilməsinə, həmçinin dissertasiya işlərinin yerinə yetirilməsinə metodiki dəstək verilir.
Qeyd edilib ki, ən çox “Zoom”, “GoTomeeting”, “Vebex”, “Skype” proqramlarından istifadə edilir. Bunlar mobil qurğular, masaüstü kompüterlər, smartfonlar arasında video və audiokonfrans, əməkdaşlıq, müzakirə və vebinarlar üçün asan, etibarlı bulud (cloud) platforması olan müasir rabitə proqramlarıdır. Tədrisin yüksək səviyyədə təşkil olunmasına baxmayaraq bir sıra dərslərin distant yolla keçirilməsi o qədər də əlverişli deyil. Belə ki, tədris planlarında nəzərdə tutulmuş laboratoriya dərslərinin həyata keçirilməsi üçün müvafiq laboratoriya şəraitinin olması vacibdir. Nəzərə alsaq ki, AMEA-nın magistraturası elm tutumlu magistraturadır, bu baxımdan laboratoriya dərslərinin yüksək səviyyədə tədrisi magistrantlar üçün xüsusi önəm daşıyır. Bunu nəzərə alaraq, laboratoriya dərslərinin tədris ilinin sonunda keçirilməsi planlaşdırılır.
Təqdirəlayiq haldır ki, dərslərin distant yolla davam etdirilməsi II kurs magistrantların pedaqoji təcrübə keçmələri üçün stimul olub. Məlumdur ki, elmi-pedaqoji təcrübənin məqsədi pedaqogikanın təcrübi əsaslarının mənimsənilməsidir. Elmi-pedaqoji təcrübənin əhəmiyyətini nəzərə alaraq II kurs magistrantlar təcrübə rəhbərlərinin müşayiətilə distant yolla təcrübə keçməyə cəlb olunub, onlayn dərslərdə iştirak etməklə yanaşı, minimum 2 sınaq dərsi də keçiblər. Artıq onlar elmi-pedaqoji təcrübə mərhələsini bitirmək üzrədirlər.
F.Kazımov bildirib ki, distant təhsil prosesində mühüm məsələlərdən biri də dərslərin keyfiyyətinə nəzarətin həyata keçirilməsidir. İstifadə olunan proqramların texniki xüsusiyyətləri distant yolla keçirilən dərslərə nəzarət etməyə imkan verir. AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin və müvafiq institutların təhsil şöbələrinin əməkdaşları müəyyən olunmuş qrafik üzrə keçirilən dərslərə qoşularaq prosesə nəzarət edir, eyni zamanda, tədrisin təşkilində fəal iştirak edirlər.
“AMEA-nın əsas prioritetlərindən biri doktorantura və dissertantura yolu ilə yüksəkixtisaslı elmi kadrlar hazırlanmasıdır. Məlumdur ki, 2019-cu il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə doktoranturaya və dissertanturya qəbul prosesi başa çatıb. Müsabiqələrdən müvəffəqiyyətlə keçmiş doktorant və dissertantların müvafiq ixtisaslar üzrə aktual problemlər istiqamətində dissertasiya mövzuları bölmələrin elmi şuralarının müzakirəsinə verilib. Müzakirələr müvafiq ixtisaslar üzrə mövcud vəziyyətə uyğun olaraq şura üzvləri arasında onlayn rejimdə həyata keçirilir. Bununla yanaşı, əvvəlki illərin doktorant və dissertantları öz elmi rəhbərləri və məsləhətçiləri ilə onlayn əlaqə saxlayaraq tədqiqat işlərini davam etdirirlər”, - deyə F.Kazımov qeyd edib.