Karantin və özünü təcridetmə: AMEA-nın fəaliyyəti onlayn rejimə keçib.
Mövcud karantin rejimi ilə əlaqədar olaraq, AMEA-nın mətbu orqanları olan “Elm” qəzeti və “Elm və həyat” jurnalının nəşri müvəqqəti dayandırılıb. Bu gün yeganə ünsiyyət vasitəsi Elmlər Akademiyasının rəsmi science.az internet portalı isə fəalyyətini davam etdirir. Bu veb-sayt sayəsində bütün xəbər agentlikləri, radio və televiziya kanalları, internet-nəşrlər və qəzetlər onlayn rejimə keçən AMEA-nın fəaliyyəti barədə məlumat əldə edirlər.
Bu barədə “Kaspi” qəzetinə müsahibəsində AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov bildirib. O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən akademiya jurnalistlərinin bütün fəaliyyətinin bu qurumun rəsmi veb-saytına yönəldildiyini qeyd edib.
“Karantin rejimi akademiyanın fəaliyyətinin dayandırılması demək deyil. Nəşrlərin mövzusu olduqca genişdir, bunu AMEA-nın elektron media resursuna istinad edən Azərbaycanın aparıcı informasiya saytlarında yerləşdirilən məqalələr, oçerklər, reportajlar və digər elmi materiallar sübut edir. AMEA işçilərinin aprelin 29-dək məzuniyyətə göndərilməsinə baxmayaraq, virtual bağlantıları, elmi fəaliyyətləri, bu yaxınlarda çap olunmuş kitabları, yeni nəşrləri barədə fikirlərini, habelə alimlərin koronavirusla bağlı elmi məqalələrini science.az saytından oxuya bilərsiniz”, – deyə A.Şükürov bildirib.
O, qeyd edib ki, rəhbərlik etdiyi şöbənin əməkdaşları arasında əlaqə telefon və ya elektron poçt vasitəsilə aparılır, sektor rəhbərləri əvvəlcədən mövzuları müəyyənləşdirir, şöbənin tərcüməçiləri isə pandemiya ilə əlaqədar elmi yeniliklərlə bağlı xarici mənbələrdən daxil olan materialları yerləşdirirlər.