AMEA-nın magistrantları üçün distant tədris təşkil ediləcək 2020-03-30 23:12:00 / MÜHÜM HADİSƏLƏR

Məlumdur ki, Azərbaycan ərazisində yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mart ayının 3-dən ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində, o cümlədən AMEA-nın magistraturasında tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Eyni zamanda, koronavirusla mübarizə çərçivəsində 2020-ci il mart ayının 24-dən etibarən ölkə ərazisində xüsusi karantin rejimi elan edilib.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev rəhbərlik etdiyi qurumun magistrantları üçün təhsil prosesinin müəyyən olunmuş müddətlərdə həyata keçirilməsini, tədris olunan fənlərin tədris planlarında nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə Sərəncam imzalayıb.

Belə ki, AMEA-nın magistraturasında təhsil alan tələbələr üçün distant (məsafədən) təhsilin təşkil edilməsi nəzərdə tutulub. Tədris prosesinə cəlb edilmiş professor-müəllim heyətinə öz işçi planlarında (sillabuslarda) nəzərdə tutduqları mövzuların tədrisini internet üzərindən elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında həyata keçirmələri tövsiyə olunub.

Həmçinin sərəncamda magistrantların distant tədris zamanı müvafiq fənlərin öyrənilməsində əldə etdikləri bilik və bacarıqlarının qiymətləndirilməsi, sərbəst işlər və kollokviumların onlayn rejimdə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Sərəncamın icrasına nəzarət AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqova həvalə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

science.gov.az