Qlobal istiləşmə ilə mübarizənin yeni üsulu tapılıb 2020-03-23 22:29:00 / MÜHÜM HADİSƏLƏR

Qlobal istiləşməni stratosferin aerozol geomühəndisliyinin köməyi ilə ona kükürd dioksid səpməklə yavaşlatmaq mümkündür. London Universitet Kollecinin tədqiqatçılarının hesablamalarına əsasən, nəticədə hər hansı bir regionda vəziyyəti pisləşdirmədən iqlim təhlükələrini azaltmağa müvəffəq olunacaq. Bu barədə məqalə “Environmental Research Letters” jurnalında dərc edilib.

poisknews.ru saytının məlumatına görə, alimlər stratosfer aerozolunun geomühəndisliyinin mürəkkəb imitasiyasını hesablayan model yaradıblar. Bu model tədqiqatçılara yeni yanaşmanın bütün dünyada iqlim dəyişikliyinin nəticələrini kompensasiya etdiyini və ya  pisləşdirdiyini anlamağa imkan verib. Model müxtəlif temperatur ssenarilərinə əsaslanaraq müxtəlif variantları da təqdim edir.

Hesablamalar göstərib ki, istiləşmə tamamilə kompensasiya edilərsə, bu zaman iqlim dəyişikliklərinin nəticələrinin pisləşməsindən 9%-ə qədər quru ərazi zərər çəkə bilər. Lakin  stratosferdə aerozolların köməyi ilə istiləşmənin yarısı kompensasiya olunarsa, bu, bütün regionlarda iqlim təhlükələrini azalda bilər. İqlim dəyişikliyinin neqativ nəticələri isə yalnız 1,3% quru ərazilərə təsir edəcək.

science.gov.az