Elmi seminarda yağıntı rejiminin dəyişmələri mövzusunda məruzə dinlənilib 2019-12-11 15:07:00 / ELMİ İCLASLAR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun növbəti elmi seminarında İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru  Səid Səfərov “Abşeron yarımadasında yağıntı rejiminin müasir dəyişmələri” mövzusunda geniş  təqdimatla çıxış edib.

Sumqayıt, Bakı, Maştağa və Pirallahı, həmçinin Neft Daşları və Çilov hidrometeoroloji stansiyalarının müşahidə məlumatlarına əsasən  yağıntı rejimini tədqiq edən alim son 10-15 il ərzində temperaturun artımasının  daha böyük sürətlə getdiyini, Azərbaycanda yağıntıların bəzi yerlərdə azalmasını, digər yerlərdə isə artmasını diqqətə çatdırıb. Tədqiqatçı yağıntıların artmasının səbəblərini qlobal istiləşmə nəticəsində hava dövranı xarakterinin dəyişməsi, dəniz səth suları temperaturunun artması ilə əlaqədar buxarlanmanın intensivləşməsi, əhalinin artması, şəhər sahəsinin kəskin genişlənməsi, havanın çirklənməsi və s ilə izah edir. Bildirilib ki, payız-qış aylarında yağıntıların belə kəskin artması nəqliyyatda hərəkət intensivliyinin azalmasına,  avtomobil yollarının vaxtından əvvəl dağılmasına,  ərazilərin, zirzəmilərin su ilə dolmasına, qrunt sularının səviyyəsinin yuxarı qalxmasına  və s. bu kimi bir sıra problemlərin yaranmasına səbəb olur.

S.Seyidov son dövrlərdə Bakı şəhərinin müxtəlif ərazilərində baş verən torpaq sürüşmələrinin aktivləşməsini bilavasitə payız-qış dövründə atmosfer yağıntılarının ümumi miqdarının  və eyni zamanda  intensiv və davamlı yağıntıların kəskin artması ilə izah olunduğunu diqqətə çatdırıb.  Alim onu da xüsusi olaraq qeyd edib ki, bununla əlaqədar olaraq Bakı şəhərində aparılan tikinti və o cümlədən şəhərsalma işlərində yağıntı rejiminin kəskin dəyişməsi mütləq nəzərə alınmalıdır.