AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun 23 əməkdaşı oktyabrın 30-dan noyabrın 1-dək İstanbulda keçirilən, Cenevrə və Davamlı Qafqaz Universiteti tərəfindən təşkil edilən və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC) və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən dəstəklən Beynəlxalq forumda iştirak edib.
"İkinci Qafqaz Dağ Forumu: Qafqaz Tədqiqatları Gündəmi - Davamlı Regional İnkişafın Açarı" mövzusundakı tədbiri keçirməkdə əsas məqsəd hazırda iqtisadi, ekoloji, sosial və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi problemlərlə üzləşmiş Qafqaz regionu ölkələrində davamlı inkişafa nail olma yollarının araşdırılması, mövcud problemlərin müzakirəsi və həlli yollarının tapılması istiqamətində təhlillərin aparılması olub.
Tədbirdə Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, İran Türkiyə ilə yanaşı Ukrayna, Avstriya, Rumıniya, İsveçrə, Almaniyanın elm və tədqiqat mərkəzlərinin 178 nüfuzlu alim və tədqiqatçıları iştirak edib. İştirakçıların 20,2 faizini (36 nəfər) təşkil edən Azərbaycan nümayəndələri 3 gün davam edən 20 tematik sessiya və 3 plenar iclasda dağlıq regionların dayanaqlı inkişafı ilə bağlı apardıqları tədqiqatlar barədə məruzələr ediblər.
Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov «Su resursları» adlı 3-cü Tematik Sessiyada geniş məruzə ilə çıxış edib.
Cİ əməkdaşları - c.ü.e. doktorları Z. Emınov “Azərbaycanın dağlıq ərazilərində yerləşən şəhərlər və onların coğrafi-demoqrafik inkişafı” və N.Paşayev “Şəki rayonunda məsafədən zondlama metodundan istifadə etməklə sel hadisəsinin ərazi planlaşdırılmasına təsirinin araşdırılması”, c.ü.f.doktorları R.Kərimov “Azərbaycan bölgələrində davamlı demoqrafik inkişaf”, N.Cəfərova “Azərbaycanın dağ kənd yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafında turizm mənbələrinin rolu”, M.İsmayılov “Azərbaycanda qorunan ərazilər: Landşaft-ekoloji müxtəliflik və davamlılıq”, elmi işçi T.Hüseynova “Əhalinin həyat keyfiyyətinin qiymətləndirilməsi və insan inkişafı indeksi” və digərləri müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər.