Xəbər verdiyimiz kimi, AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda həmin İnstitut və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə Avstraliyanın Macquarie Universitetinin müəllimi professor Əli Əkbər Rəsuli coğrafi informasiya sistemləri (CİS) üzrə təlimlər aparır.
Bu təlimlər çərçivəsində Cİ-də oktyabrın 9-da “SCAC” layihəsi üzrə Birləşmiş Millətlər Təşkilatı Ətraf Mühit GRID-Cenevrə (United Nations Environment/GRİD-Geneva) və Cenevrə Universitetinin Ətraf Mühit İnstitutunun məkan məlumatları infrastrukturu, eləcə də coğrafi informasiya sistemləri üzrə aparıcı mütəxəssisi Dr. Yaniss Guigoz və Coğrafiya İnstitutunun əməkdaşı Yaşar Nəsibovun iştirakı ilə seminar-məşğələ keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd AR Prezidenti İlham Əliyevin 28 dekabr 2018-ci il tarixli 448 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”ndan irəli gələn tapşırıqların yerinə yetirilməsi üzrə biliklərin artırılmasıdır. Dr. Yaniss Guigoz “Məkan məlumatları infrastrukturunun konsepsiyası” və “WebGIS” mövzularında təqdimatlar edib. İştirakçılar həmçinin Yer Müşahidə Qrupu haqqında da məlumatlar alıblar. Seminar-məşğələ zamanı PostGIS-də məlumatların saxlanması, onların GeoServer üzərindən nümayişi, veb xidmətlər üzərindən təsviri və yüklənməsi praktik olaraq icra edilib.