Əməkdaşımız "Vikimaniya 2019"-da ölkəmizi təmsil edib 2019-08-26 14:44:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı Aida Aslanova,  Vikipediya idarəçiləri Elgün Atalıyev və Eldar Əzimov avqustun 14-dən 19-dək İsveç Krallığının paytaxtı Stokholmda keçirilən 15-ci Beynəlxalq Vikimaniya konfransında Azərbaycanı təmsil ediblər.

Açılış günü təmsilçilərimiz Stokholm şəhər bələdiyyəsində Vikipediyanın yaradıcısı Cimmi Uels ilə görüşərək onunla birgə xatirə şəkli çəkdiriblər.

Azərbaycan vikipediyaçıları konfrans çərçivəsində Vikipediyanın bugünü və inkişaf perspektivləri, qarşıda duran vəzifə və problemlər, Vikimediya  layihələrində olan çatışmazlıqlar və digər müxtəlif mövzular üzrə təşkil olunmuş mühazirə  və görüşlərdə fəal iştirak edib, Vikipediyanın müxtəlif dil bölmələri üçün elektron elmin nəzəri problemləri ətrafında müzakirələr aparıblar.

Əməkdaşımız Aida Aslanova “Vikipediya və xəritələr” mövzusunun müzakirəsində Xəzər dənizinin 3d xəritəsini təqdim edib, “Vikipediya və təhsil” bölməsində isə vikipediyanın Azərbaycanın təhsil ocaqlarında tədris olunmasının lazımlığını diqqətə çatdırıb.

Azərbaycanın nümayəndə heyəti, eyni zamanda, digər ölkələrdən olan türkdilli vikipediyaçılarla görüşüb, gələcək planlar barədə fikir mübadiləsi ararıblar.

İştirakçılarımız həmçinin “Global Voices” təşkilatı tərəfindən keçirilmiş “CivilServant’s Research Summit” adlı seminarda da iştirak ediblər.

 

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2019