İnstitutumuzun əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Natella Zəkiryəyeva vəfat edib.
Avqust ayında 45 yaşı olacaqdı...
Natella Tahir qızı Zəkiryəyeva 1974-cü il avqustun 24-də Sumqayıt şəhərində anadan olub. 1996-cı ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirərək akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutuna təyinat alıb. Oranın aspiranturasını bitirib və ömrünün sonunadək “Azərbaycanın iqtisadi və siyasi coğrafiyası” şöbəsində əvvəlcə kiçik elmi işçi, elmi işçi, sonra isə böyük elmi işçi vəzifələrində çalışıb. 2008-ci ildə “Azərbaycanda Böyük Qafqazın orta şəhərlər inkişafının tənzimlənməsi problemləri (Şəki, Xaçmaz və Şamaxı timsalında)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Xaricdə çap edilən qəzet və jurnallarda 13, eləcə də impakt faktorlu dərgilərdə nəşr olunan 2 məqalənin müəllifidir. Regional coğrafiya, əhali məskunlaşmasının dayaq mərkəzləri şəbəkəsi və onun inkişafı, şəhərlərin dayaq-mərkəz məskunlaşma sistemi, şəhərlərin regionun inkişafında yeri, orta şəhərlərin sosial-iqtisadi problemləri onun tədqiq etdiyi əsas sahələrdir.
Azərbaycan Dillər Universiteti “Beynəlxalq münasibətlər və regionşünaslıq” fakültəsinin “Regionşünaslıq” kafedrasında müəllim işləyib. Ailəli olub, 5 yaşında bir övladı var.
Xəstəliklə mübarizə aparırdı, amma qalib gələ bilmədi...
Mədəni, alicənab, gülərüz Natella xanım onu sevənlərin qəlbində həmişə yaşayacaq!
Mərhumun ailəsinə, qohumlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik!
Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun!