Azərbaycanın su təhlükəsizliyi mövzusunda  dəyirmi masa keçirilib 2019-05-31 15:51:00 / TƏDBİRLƏR

Dünyanı təhdid edən qlobal su çatışmazlığı problemi hazırda bəşəriyyəti narahat edən məsələlərdən biridir. Şirin su ehtiyatlarının məhdud olduğu və qeyri-bərabər paylandığı Azərbaycanda bu məsələ aktuallığını artırır. 5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin  AMEA-nın Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanın su təhlükəsizliyi: görülmüş işlər, mövcud vəziyyət və perspektivlər” mövzusunda  keçirilmiş  dəyirmi masada bu məsələ ilə bağlı ətraflı müzakirələr aparılıb.

AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov  bildirib ki, su təhlükəsizliyi məsələsi qlobal miqyasda başlıca problemlərdən biridir. Dünyada su çatışmazlığı probleminin  aradan qaldırılması, insanların təmiz və  keyfiyyətli suya çıxışının təmin edilməsi istiqamətində ciddi işlər həyata keçirilir. Bunları nəzərə alınaraq hər bir ölkə su təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirir. Azərbaycanda şirin su ehtiyatlarının əsas hissəsinin ölkə hüdudlarından kənarda formalaşması nəzərə alınaraq son illər ölkəmizdə su təsərrüfatı sahısində irimiqyaslı layihələr icra olunub. Taxtakörpü, Şəmkirçay su anbarlarının inşası, yeni sugötürücü və sutəmizləyici qurğuların inşası ölkəmizdə su təhlükəsizliyinin təmin olunması baxımından olduqca vacib layihələrdir.

 “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini,  professor Fərda İmanov bildirib ki, iqlim dəyişmələri, sənayenin inkişafı, ətraf mühitin və su hövzələrinin çirkləndirilməsi su ehtiyatlarından səmərəli istifadə məsələsinin aktuallığını artırır. Azərbaycanda su təhlükəsizliyinin təmin edilməsi məqsədilə daxili hövzələrdə yaranan su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, su ehtiyatlarının regionların cari və perspektiv tələbatlarına uyğun paylanması istiqamətində araşdırmalar aparılır. Son dövrlərdə müşahidə olunan qlobal istiləşmə və quraqlıqla əlaqədar alternativ su mənbələrinin tədqiqi və işlənməsi istiqamətində tədbirlər görülür. O, tullantı sularının düzgün idarəolunması və təmizlənərək təbiətə qaytarılmasını su təhlükəsizliyinin təmin olunmasında vacib həlqədən biri kimi qiymətləndirib. 

 “Azərsu” ASC-nin  Su mənbələrinin, emal qurğularının idarə olunması və ekologiya şöbəsinin rəisi Erkin Rüstəmov respublikanın içməli su mənbələri barədə məlumat verib. Bildirib ki, əhalinin fasiləsiz və Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə “Azərsu” ASC tərəfindən son 10 ildə icra olunmuş layihələr çərçivəsində Bakı şəhəri və regionlarda ümumi məhsuldarlığı saniyədə 18,5 kubmetr olan 39 yeni su mənbəyi yaradılıb və bu sahədə işlər davam etdirilir. İqlim dəyişmələrinin su mənbələrinin məhsuldarlığına təsiri barədə danışan Elkin Rüstəmov qeyd edib ki, son illər bəzi şəhərləri içməli su ilə təmin edən mənbələrdən götürülən suyun həcmində azalma müşahidə olunur: “Bu isə yay aylarında həmin şəhərlərin dayanıqlı içməli su təminatında çətinliklər yaradır. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ötən il Tovuz, Lerik, Gədəbəy, Şamaxı şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra olunub. Eyni zamanda əhaliyə verilən suyun keyfiyyətinin standartlar çərçivəsində saxlanılması məqsədilə Ağstafa və Qobustanda yeni təmizləyici qurğular istismara verilib. Bunlarla yanaşı, Şəki şəhəri üçün də alternativ mənbənin yaradılmasına başlanılıb və bu məqsədlə subartezian quyuları qazılacaq”.   

“Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasının müdiri Elçin Əliyev Azərbaycan əhalisinə verilən içməli suyun keyfiyyət standartlarına tam uyğun olduğunu xatırladaraq, mənbələrdən başlayaraq son istehlakçıya qədər onun keyfiyyətinin daim nəzarətdə saxlanıldığını bildirib. Onun sözlərinə görə Bakı şəhərində yaradılmış müasir laboratoriya, eləcə də 9 regional labortaoriya hər bir mənbədən götürülən suyun daim nəzarətdə saxlanmasını təmin edir. O, qeyd edib ki, bu laboratoriyalar yarandıqdan sonra içməli və tullantı sularının öyrənilən parametrlətinin sayı 39-dan 110-a, monitorinq nöqtələrinin sayının isə 7 ədəfədən çox artırılaraq 1300-ə çatdırılıb.

 Su ilə əlaqəli elm adamlarının, dövlət təşkilatları və təhsil müəssisələrinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın şirin su ehtiyatları, su ehtiyatlarına iqlim dəyişmələrinin təsiri, ”Azərsu” ASC tərəfindən icra olunan içməli su layihələri və perspektiv planlar, içməli suyun keyfiyyətinə nəzarət, su sahəsində beynəlxalq əməkdaşlıq və digər mövzularda çıxışlar və müzakirələr aparılıb.

https://www.azersu.az/news?id=4111

 

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2019