AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi Emil Cəbrayılov mayın 22-dən 25-dək AMEA Rəyasət Heyətinin qərarına uyğun olaraq Zoologiya İnstitutunun Xərə Zirə adasına təşkil etdiyi ekspedisiyada iştirak edib. Bakı və Abşeron arxipelağı adalarının kompleks tədqiqinə həsr edilmiş elmi ekspedisiyada Coğrafiya İnstitutu ilə yanaşı, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya, Geologiya və Geofizika, Neft-Qaz İnstitutlarının alim və mütəxəssisləri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak ediblər.
E.Cəbrayılov Xərə Zirə adasının ucqar nöqtələri, sahil xətti, dalğaların yaratdığı relyef formaları, ərazinin morfometrik göstəriciləri, palçıq vulkanı elementlərini tədqiq etmiş, iqlim ölçmələri aparmışdır. Təmsilçimiz ərazinin mənimsənilməsi imkanlarını araşdırmış, müşahidə olunan antropogen pozulmaların aradan qaldırılması üçün sahillərdə və yaxın akvatoriyada təmizlənmə işlərinin aparılmasına ehtiyac duyulduğunu müəyyən etmişdir.