1 Mart Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda “Uşaqların təhlükəsizliyi bizim məsuliyyətimizdir” mövzusunda yığıncaq keçirilib.
İnstitutun Fövqəladə Hallar Komissiyasının sədri, elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov Beynəlxalq Mülki Müdafiə gününün uşaqların təhlükəsizliyi məsələlərinə həsr edilməsinin əhəmiyyətini xüsusi qeyd edib. O, qaz və elektrik təhlükəsizliyi qaydalarının pozulması, o cümlədən qaz cihazlarının nəzarətsiz qalması, onların istifadəsinin uşaqlara həvalə edilməsi, tüstü bacalarının işlək və təmiz vəziyyətdə olmaması, elektrik xətlərinin həddindən artıq yüklənməsi, meşədə tonqalların nəzarətsiz qalması, və s. kimi halların yanğın, partlayış, zəhərlənmə kimi təhlükə yarada biləcəyini diqqətə çatdırıb. Qeyd edilib ki, uşaqlar heç bir halda diqqətdən kənarda qalmamalıdırlar, böyüklərin məsuliyyəti təhlükəsizliyin qarantı olmalıdır.
Mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev çıxışında bildirib ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd edilməsində əsas məqsəd əhalini ərazilərin təbii və texniki qəzalardan, partlayış və yanğınlardan mülki müdafiəsini, yanğın təhlükəsizliyini, istehsalat və nəqliyyat qəzalarından mühafizəsinin təşkili işi ilə məlumatlandırmaqdan ibarətdir. Qərargah rəisi iştirakçıları maraqlandıran suallara cavablar verib.
Tədbirin sonunda mövzuya dair təlimat xarakterli videoçarx nümayiş etdirilib.