Miqrasiya siyasəti mövzusunda konfransda 2017-02-18 11:00:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun İnsan coğrafiyası istiqamətinin əməkdaşları – istiqamət rəhbəri, c.e.d. Zakir Eminov, şöbə müdiri, c.ü.f.d. Nəriman Paşayev, c.ü.f. doktorları – Rövşən Kərimov, Etibar Bədəlov, Hicran Tahirova və kiçik elmi işçi Tural Bayramov fevralın 17-də Xəzər Universitetində Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 10-cu ildönümünə həsr olunmuş elmi-praktiki konfransda iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Xəzər Universitetinin təşkilatçılığı ilə “Azərbaycanda miqrasiya siyasəti: nailiyyətlər və inkişaf perspektivləri”  mövzusunda keçirilən tədbirdə İnstitut əməkdaşları mövzu ətrafında məruzələrlə çıxış ediblər.

“Azərbaycan Respublikasında miqrasiyanın əsas istiqamətləri və nizamlanması problemləri” (Z,Eminov), “Müasir miqrasiya formalarının elmi-nəzəri əsasları və Azərbaycan ərazisində əhali miqrasiyasının yaratdığı problemlər” (N.Paşayev), “Təbii fəlakətlərin səbəb olduğu əhali miqrasiyasının nizamlanması” (R.Kərimov), “Qloballaşma və Azərbaycanda miqrasiya proseslərinin dinamikası” (E.Bədəlov), “Naxçıvan Muxtar Respublikasında xarici miqrasiya proseslərinin dinamikası” (H.Tahirova), “Quba-Xaçmaz iqtisadi rayonunda miqrasiyanın yaşayış məntəqələrinə  təsiri (T.Bayramov) məruzələri dinləyicilər tərəfindən maraqla qarşılanıb. İnstitut mütəxəssislərinin mövzunu dərindən bilmələri və bu sahə üzrə apardıqları tədqiqatlar Dövlət Miqrasiya Xidməti nümayəndələrinin marağına səbəb olub. Qərara alınıb ki, bu iki müəssisə arasında qarşılıqlı əməkdaşlıq əlaqələri genişləndirilsin.