Akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. Əvvəlcə iclas iştirakçıları dünyasını dəyişmiş İnstitut əməkdaşı Zahid Əhmədovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra gündəlikdə duran məsələlərə baxılıb. 2019-cu ilin elmi tədqiqat işləri planının müzakirəsi keçirilib və bəzi dəyişikliklərlə təsdiq edilib.
Elmi katib c.ü.f.d. Zərnurə Həmidova coğrafiya üzrə fəlsəfə doktorları Mətləb Rəhimov, Həsən Nəbiyev və Zahidə Tatlıyevanın coğrafiya ixtisası üzrə dosent elmi adı almaq üçün sənədlərini Elmi şuraya təqdim etmələri barədə məlumat verib. Elmi şura adları çəkilən əməkdaşların bacarığını, aktiv iş qabiliyyətini, məsuliyyətli işçi olduqlarını nəzərə alaraq, onlara dosent elmi adının verilməsi haqqında AR Prezidenti yanında AAK qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edib.
Daha sonra 2018-ci ildə elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbul olunmuş dissertantların mövzu və rəhbərlərinin təsdiqi və maqistrların imtahan sessiyasının nəticələri haqqında məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.