Azərbaycanın siyasi və iqtisadi coğrafiyası şöbəsinin kiçik elmi işçisi Nofəl Ərtünovun rəhbərliyi ilə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə yanvarın 12-də “Mənim Metodum” layihə çərçivəsində ali məktəb tələbələri və marağı olan şəxslər üçün təlimlər təşkil olunub.
Tədbirin açılışında layihə haqqında geniş məlumat verən N.Ərtünov gənc alimlər üçün əhəmiyyətli olan elmi tədqiqat metodlarından söhbət açıb. Layihə rəhbəri müasir tədqiqat metodlarının istifadəsi, çəkilən xərclərin və sərf edilən vaxtın azaldılması, coğrafiya və ətraf mühitin öyrənilməsində məsafədən zondlama metodlarından istifadə, peyk şəkillərinin deşifrələnməsi, analizi və bu metodun tətbiqi sahələri, layihə çərçivəsində Coğrafi İnformasiya Sistemlərinin elmi tədqiqatlarda istifadəsi, istifadə ediləcək proqram təminatları və s kimi mövzulara toxunub.
İlk seminarda peşəkar təlimçi Samir Vəlizadə verəcəyi təlimlər barədə iştirakçıları məlumatlandıraraq istifadə olunacaq proqram təminatı, peyk şəkillərinin alınacağı internet saytları və onların emalı haqqında danışıb.
Yanvarın 12, 13 və 19-unda baş tutan təlimlərdən sonra növbəti dərslər cari ayın 26 və 27-nə nəzərdə tutulub.
Təlimlər Kaspian Plaza otelinin konfrans zalında keçirilir.