AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun əməkdaşları - elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov, Həmkarlar təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiev, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Ələkbərova və Turizm və rekreasiya şöbəsinin rəhbəri, c.ü.f.d. Zaur İmrani Bakının Yasamal rayonunda yerləşən akademik Zərifə Əliyeva adına Liseydə olublar.
Direktor Mehriban Vəliyeva qonaqları Liseylə tanış edib, onun yaranma səbəbləri, missiyası, vəzifələri, uğurları haqqında məlumat verib. O bildirib ki, Liseyin əsas məqsədi dünyaya açıq, milli-mənəvi dəyərlərə sadiq, fəal, yaradıcı, bilikli və bacarıqlı, rəqabət qabiliyyətli mühitin yaradılması, onun ən yaxşı təhsil və elm mərkəzlərdən birinə çevrilməsidir. Məktəbdə Kiçik Akademiyanın fəaliyyət göstərdiyini qeyd edən direktor şagirdlərin Akademiyanın əməkdaşlıq etdiyi müəssisələrin elmi laboratoriyalardan, yeni texnologiyalardan istifadə etdiklərini diqqətə çatdırib.
Məhərrəm Həsənov öz növbəsində Coğrafiya İnstitutunun fəaliyyəti, tədqiqat sahələri, əldə etdiyi nailiyyətlər və s. haqqında danışıb, qeyd edib ki, İnstitutda elmlə təhsilin vəhdətinə həmişə geniş yer ayrılıb. İnstitut əməkdaşları vaxtaşırı Bakının müxtəlif rayonlarını əhatə edən orta ümumtəhsil məktəblərində olur, şagird və müəllim kollektivi ilə görüşlər keçirir, qarşılıqlı olaraq məktəbliləri İnstituta dəvət edir, onlar üçün praktik məşğələlər təşkil edirlər. Direktor müavini Coğrafiya İnstitutu alimlərinin nəşrlərini Liseyə hədiyyə edib.
Təklif olunub ki, Liseydə coğrafiya təmayüllü qrup təşkil edilsin və həmin qrupun şagirdləri Coğrafiya İnstitutu ilə sıx əlaqədə olaraq, İnstitutun elmi tədqiqatlarına, eləcə də çöl işlərinə cəlb olunsunlar.
Tərəflər şagirdlər arasında elmi-təcrübi bilikləri artırmaq, onlarda coğrafiya elminə olan marağı gücləndirmək məqsədilə hər iki müəssisə arasındakı əməkdaşlığı inkişaf etdirmək məqsədəuyğun hesab ediblər.