Coğrafiya İnstitutunda maraqlı tərəflərin geniş iştirakı ilə "Qafqazın dağlıq regionlarında iqlim dəyişmələrinə uyğunlaşma imkanlarının gücləndirilməsi. Elm və təcrübə arasında qarşılıqlı əlaqənin optimallaşdırılması” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Məqsəd elm və praktikanın vəhdəti, eləcə də bunlar arasında yarana biləcək boşluq və çatışmazlıqlar haqqında maraqlı tərəflərin təklif və arzularını öyrənmək, onları ümumiləşdirərək layihə hazırlanmasında səmərəli istifadə etməkdən ibarətdir.
Tədbirdə alim və mütəxəssislərlə yanaşı iqlim dəyişmələrinə uyğunlaşma mexanizmlərinin öyrənilməsi və praktik həyata keçirilməsi fəaliyyəti ilə məşğul olan müxtəlif nazirlik və idarələrin, biznes sektoru və vətəndaş cəmiyyəti, təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Layihə təklifinin hazırlanması üzrə milli məsləhətçi, Qafqaz Dağlıq Regionlarının Elmi Şəbəkəsinin (Dayanaqlı Qafqaz təşkilatı) Azərbaycan nümayəndəsi Azər Qarayev tədbirin məqsədi və gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib.
Sonra Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov İnstitutun yaranma tarixi, tədqiqat sahələri, fəaliyyət istiqamətləri və son illərdə qazandığı nailiyyətlər, gələcək regional və beynəlxalq əməkdaşlıq sahəsindəki planlar, gənc tədqiqatçılar nəslinin formalaşması və təhsil sahəsində atılan uğurlu addımlar, eləcə də prezidenti olduğu Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib. Qeyd edib ki, o bu konfransda eyni zamanda ACC-ni təmsil edir. Qafqaz mövzusunda keçirilən beynəlxalq forumlarda Azərbaycan tərəfinin mütləq iştirakının vacibliyini vurğulayan akademik “Qafqaz Dağ Forumu”nda iştirak çərçivəsində Azərbaycan coğrafiyaçılarının Türkiyə, Rusiya, Gürcüstan və İranlı mütəxəssislərlə uğurlu əlaqələrindən, eləcə də Qafqaz Dağlıq Regionlarının Elmi Şəbəkəsi ilə yaranmış əməkdaşlığın əhəmiyyətindən danışıb.
Coğrafiya institutunun aparıcı elmi işçisi, c.ü.f.d. Rövşən Kərimov “Qafqaz Dağ Forumu”nda əməkdaşlıq haqqında təqdimatla çıxış edib. Bildirib ki, iqlim dəyişmələri, təbiət hadisələri ilə məşğul olan müxtəlif sahələrin mütəxəssisləri ilə əlaqələrin gücləndirilməsi üçün uyğun şəraitin təmin edilməsi vacibdir.
Adları çəkilən aspektlərin Qafqaz ölkələri, Rusiya, Türkiyə, və İranda texniki dəstəyinə yönəldilmiş yeni regional təşəbbüs müzakirə olunub. Bu təşəbbüs İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin nümayəndəsi Zahir Əhmədov tərəfindən dəstəklənib.
Konfransın ikinci hissəsində “Elm və praktika vəhdətinin mövcud vəziyyəti, boşluqların və zəif tərəflərin identifikasiyası və əsas tələbatların müəyyən edilməsi” mövzusunda geniş təqdimatla çıxış edən Azər Qarayev təmsil etdiyi təşkilatın fəaliyyətində regional aspektlər, Coğrafiya İnstitutu ilə əməkdaşlıq məsələlərinə toxunub. Məruzəçi Qafqazda iqlim dəyişmələrinə adaptasiya məsələlərində elm və praktikanın qarşılıqlı vəhdəti potensialının uyğunlaşdırılmasına yönəlmiş yeni təşəbbüs barədə ətraflı danışıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Respublika Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, Dövlət Statistika Komitəsi, ölkənin ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və vətəndaş cəmiyyətinin təmsilçiləri mövzu ətrafında çıxışlar edib, səmərəli təkliflər irəli sürüblər.
Konfransda elm və təcrübənin qarşılıqlı əlaqəsini daha da yaxşılaşdırmaq məqsədilə milli və regional səviyyədə həyata keçirilməsi məqsədyönlü olan bir sıra konkret təkliflər hazırlanıb.