AMEA ak. H,Ə.Əliyev ad.Coğrafiya İnstitutu artıq 3 ildir ki, “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyi ilə əməkdaşlıq edir.
“Cığır” – atasını və ya hər iki valideyni itirmiş uşaqlara himayədarlıq etməklə, onların maddi, mənəvi, tibbi, sosial və s. sahədə tələbatlarının ödənilməsində yardımçı olan və bu məqsədlə müxtəlif layihələrə imza atan bir xeyriyyə təşkilatıdır. Coğrafiya İnstitutu maliyyə yardımı ilə bərabər, uşaqların elmə, təhsilə olan marağını artırmaq məqsədilə uyğun tədbirlər həyata keçirməklə Birliyin bu xeyirxah əməllərinin reallaşmasında dəstək rolunu oynayır. Buna misal olaraq, ötən il İnstitut əməkdaşlarının uşaqlarla görüşünü yada salmaq yerinə düşər. Gənc alimlər tədbirdə “Coğrafiyanı sevək” mövzusu ilə məktəb və kiçik yaşlı uşaqlar qarşısında slaydların köməyi ilə geniş təqdimat keçirmiş, onların qavrayacağı asan dildə əyləncəli viktorinalarla balacaları coğrafiya elminə həvəsləndirmiş, onlara bu sahəyə uyğun hədiyyələr bağışlamışlar.
Bu il də uşaqların Novruz bayramının layiqincə qeyd edilməsində Coğrafiya İnstitutu kənarda qalmadı. Toplanmış vəsait hesabına alınmış tortlar valideyn himayəsindən məhrum olmuş uşaqların gəzintisinə şirinlik qatdı.
Yaxınlarda Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası “Cığır” Birliyinin uşaqlarını müəssisəyə dəvət etməyi, onları İnstitutun fəaliyyəti ilə yaxından tanış etməyi planlaşdırır.