AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda 1 Mart Beynəlxalq Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub.
İnstitutun Fövqəladə Hallar Komissiyasının sədri, İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunan bu günün bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edildiyini qeyd edib. Bildirilib ki, Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Bu ilin mövzusu “Mülki Müdafiə və milli qürumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması”na həsr olunur.
Coğrafiya İnstitutunun Mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev Azərbaycanda mülki müdafiə ilə bağlı genişmiqyaslı işlərdən danışıb. O, diqqətə çatdırıb ki, Fövqəladə Hallar Nazirliyinin yaranması ölkəmizin həyatında çox əlamətdar hadisə oldu. Nazirlik ölkəmizdə mülki müdafiə sisteminin yaradılmasına böyük diqqət göstərir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.
Çıxışının sonunda qərargah rəisi iştirakçıların suallarını cavablandırıb.