Şagirdlər üçün “Günəş enerjisindən istifadə” mövzusunda seminar keçirilib 2017-03-28 11:00:00 / TƏDBİRLƏR

    Martın 28-də AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Elmlə təhsilin vəhdəti sahəsində həyata keçirilən dövlət proqramları çərçivəsində coğrafiyaçı alimlərin Suraxanı rayonunun 232 saylı orta məktəbinin şagirdləri ilə “Günəş enerjisindən istifadə”  mövzusunda görüş-seminar  keçirilib.

Demoqrafiya və əhali şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Etibar Bədəlovun məzunu olduğu məktəbin şagirdləri ilə  təşkil etdiyi görüşdə AMEA-nın müxbir üzvü, f/r e.ü.e.d. Rauf Qardaşov, İnsan coğrafiyası istiqamətinin rəhbəri, c.ü.e.d. dosent Zakir Eminov, gənc alimlər və s. iştirak ediblər.

Konfrans zalında keçirilən  seminarda  R.Qardaşov “Günəş enerjisinin modeli” mövzusu ilə çıxış edərək şagirdlərin anladığı dildə və xəritələr əsasında günəş enerjisinin yayılma arealları, paylanma rejimi, günəş batareyalarından optimal istifadə qaydaları və s.-dən geniş məlumat verib.  Sonra məktəblilər mövzu ilə əlaqədar özlərinin hazırladıqları işləri təqdim ediblər. Əliyeva Aidə və Türkanə bacıları Günəş və külək enerjisi, Quliyeva Nigar termal sular haqqında təqdimat ediblər. Balaca Fidan Orucəlinin sadəcə olaraq, qara qazan vasitəsilə Günəşdən enerji alınması qaydasını nümayiş etdirməsi hamının marağına səbəb olub.

İnstitutun kiçik elmi işçisi  Nicat İmamverdiyev “Qanadlı külək mühərriki” adlı məruzəsində dünyada elektrik enerjisinə tələbat, külək enerjisindən istifadənin vəziyyəti və  ekoloji faydası, Azərbaycanda külək enerjisi potensialı və s. haqqında maraqlı məlumatlar təqdim edib, sonda isə Avropada külək enerji stansiyasının qurulmasını  nümayiş etdirən videofilm göstərilib.

 Elmi işçi Xədcəxanım Hüseynova “Günəş enerjisindən istifadənin perspektivləri” mövzusunda məruzə edərək ondan istifadənin ekoloji, sosial və iqtisadi baxımdan üstünlüklərindən bəhs edib. Məruzədə  alternativ enerji mənbələrindən olan Günəş enerjisinin əldə edilməsi, bu zaman nəzərə alınan digər amillər, Günəş ölçmələrinin həyata keçirilməsi üçün istifadə olunan cihazlarla şagirdləri illüstrativ olaraq tanış edib. Sonda Azərbaycanda bu sahədə görülən işlər, atılan yeni addımlar və layihələr barəsində qısa məlumat verib.

İstiqamət rəhbəri Zakir Eminov şagirdlərin coğrafiya elminə olan maraq və həvəsini alqışlayıb, belə görüşlərin əməli fayda verəcəyini və yeniyetmələrin gələcəkdə peşə seçimində müsbət rol oynaya biləcəyini diqqətə çatdırıb.

Seminardan sonra məktəblilər İnstitutun kitabxanasında, Xəritəçilik və Coğrafi İnformasiya, Demoqrafiya və əhali, Xəzər dənizinin monitorinqi  şöbələrində olaraq, onların iş strukturu, fəaliyyəti ilə tanış olublar.