Oktyabrın 11-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu elmi seminarının növbəti iclası keçirilib.
AMAKA-nın (Azərbaycan Milli Aerokosmik Agentliyi) doktorantı Balaxanım Ağarzayeva “Bakı buxtasının çirklənmiş akvatoriyasının rayonlaşdırılması” mövzusunda məruzə edib. Məruzəçi tədqiq etdiyi ərazini çirklənmə səviyyəsinə görə aşağı, orta, yüksək və ekstrimal zonalara ayırıb, sahələrini müəyyənləşdirib, çirklənmənin tərkibini ayırd edib, küləyin və digər təbii amillərin təsiri nəticəsində onun yayılma arealını dəqiqləşdirib.
Sonra “İqlim və aqroiqlim” şöbəsinin böyük elmi işçisi Mətləb Rəhimov elmi işçi Emil Cəbrayılovla birlikdə AMEA-nın Yüksək Texnologiyalar Parkında iştirak etdikləri təlimlər haqqında məlumat verib. Məruzəçi elmi-tədqiqat işlərinin aparılması məqsədilə Coğrafiya İnstitutuna ayrılan AMEA Elm və Texnologiya Parkının (ETP) istehsalı olan və dünya standartlarına cavab verən multirotor tipli pilotsuz uçan aparatlar haqqında geniş məlumat verib. Bildirilib ki, onların iştirak etdikləri təlimlər dronların sərbəst idarəedilməsi qabiliyyətini mənimsəməkdə elmi işçilərə yardımçı olacaq.