Türkan məktəbliləri сoğrafiya institutunda 2016-05-15 13:28:00 / TƏDBİRLƏR

Mayın 13-də  akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsinin 262 saylı orta məktəbinin 8-11-ci sinif şagirdləri üçün “Müasir ekocoğrafi problemlər və onların həlli yolları” mövzusunda seminar-konfrans keçirilmişdir.

Tədbirin keçirilməsində  əsas məqsəd şagirdlərin coğrafiya elminə olan marağının artırılmasından, onları ekoloji-coğrafi istiqamətlərdə aparılan tədqiqatlarla tanış etməkdən, həmçinin gələcək peşə seçimində onlara yardımçı olmaqdan  ibarətdir. Şagirdlər AMEA-nın əsas binasının 2-ci mərtəbəsində AMEA-nın daimi fəaliyyət göstərən sərgisinin Coğrafiya İnstitutuna aid bölməsi ilə tanış oldular. Sonra onlar “Xəritəçilik və Coğrafi İnformasiya” şöbəsində oldular, şöbənin əməkdaşları Elvin Əmrahov və Bəxtiyar Qəhrəmanov PLOTTER HP Designjet Z2100 8 mürəkkəbli Designjet'i, Printer vasitəsi ilə CİS texnologiyasında müxtəlif məzmunlu rəqəmsal xəritələrin tərtib və çap edilməsi prosesini izah etdilər, əyani şəkildə “Azərbaycanın ekocoğrafi gərginlik xəritəsi”ni çap edərək şagirdlərə hədiyyə etdilər. Həmçinin “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsində oldular, şöbənin böyük elmi işçisi Kərimova Elina rəqəmsal “CEP-01 ElvaX” stolüstü rentgen-fluoressensiyalı spektrometrinin köməyi ilə su, torpaq və süxurların tərkibindəki mikroelementlərin müəyyən edilməsi prosesini əyani olaraq şagirdlərə nümayiş etdirdi və alınan nəticələri çap edərək şagirdlərə hədiyyə etdi.

Seminar-konfransın əsas hissəsi İnstitutun konfrans zalında davam etdi və şuranın sədri – c.ü.f.d. Ələkbərova Samirə iclası açaraq, məktəb şagirdlərinin coğrafiya elminə olan marağının artırılmasının, onların stimullaşdırılmasının aktuallığını və vacibliyini qeyd etdi. Daha sonra İnstitutunun əməkdaşı, k.e.i. Hüseynova Xədicəxanım “Ekoloji problemlər, onların nəticələri və biz” mövzusunda məruzə ilə çıxış etdi. İnstitutun ümumi işlər üzrə direktor müavini, şuranın idarə heyətinin üzvü, i.ü.f.d. Osmanlı Anar İnstitut adından 262 saylı orta məktəbə atlas hədiyyə etdi. Sonda məktəbin coğrafiya müəlliməsi Bağırova Rəvanə məktəb rəhbərliyi və öz adından İnstitutun rəhbərliyinə və Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasına tədbiri  belə yüksək səviyyədə təşkil etdiyinə görə  dərin təşəkkürünü bildirdi.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2019