“Xəzər Dənizi Problemləri” şöbəsinin baş elmi işçisi, AMEA-nın müxbir üzvü Rauf Qardaşov Almaniyanın Berlin şəhərində ezamiyyətdə olmuşdur.
O, mayın 1-dən 8-dək Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin “Enerji səmərəliliyi üzrə ixrac təşəbbüsü” çərçivəsində “Berlin və ona yaxın ərazilərdə külək, günəş və bioenerji” mövzusu üzrə Alman-Azərbaycan Xarici Ticarət Palatası və “Renewables Academy” RENAC AG tərəfindən təşkil olunmuş elmi səfərdə iştirak etmişdir.
Azərbaycan aliminin bu səfərdə iştirakında əsas məqsəd almanların bu sahədəki bilik və təcrübəsinin Azərbaycanda tətbiq edilməsidir. Tədbirdə külək, günəş və bioenerji ilə yanaşı kənd, şəhər və hətta regionun öz enerji tələbatının sərbəst şəkildə təmin edilməsi məsələləri də müzakirə olunmuşdur. Bunun üçün tədbir iştirakçıları müxtəlif məntəqələrdə olmuş, uyqun mövzular üzrə təşkil olunmuş seminarlarda iştirak etmişlər.
Tədbir çərçivəsində həyata keçirilən fəaliyyətlər:
1) “Passiv ev”ə səyahət və seminar;
2) Berlindən 150 km aralı yerləşən və özünü tamamilə külək, günəş, bioenerji ilə təmin edən və hər ay 80-100 min avro dəyərində enerji satan Feldheim kəndinə səyahət və seminar;
3) Adlershof Texnologiya Parkına (keçmiş ADR-in Elmlər Akademiyası şəhərciyi) səfər və burada “Enerji çevrilişi: Adlershof enerji səmərəli şəhər yolunda” mövzusunda seminar;
4) “Autarsys” şirkətinə səfər və enerjinin saxlanması (akkumulyasiyası) üçün tətbiq olunan sistemlə tanışlıq;
5) RENAC AG-da səfərin qiymətləndirilməsi və yekun müzakirələri.