Martın 16-da, Novruz bayramı ərəfəsində AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədovla İnstitut kollektivinin bayramqabağı görüşü keçirildi. Görüşdə YAP-ın Yasamal rayon təşkilatının sədr müavini Qərib Məmmədov və bir neçə üzvü, AMEA Fəlsəfə və Hüquq İnstitutunun YAP üzvləri və s. iştirak edirdilər.
Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov qonaqları salamladıqdan sonra sözü İnstitutun YAP təşkilatının sədri, Xəzər problemləri şöbəsinin kiçik elmi işçisi Bibixanım İbrahimovaya verdi. O, iştirakçıları Coğrafiya İnstitutunun Yeni Azərbaycan Partiyası üzvləri haqqında məlumatlandırdı, Partiyaya yeni üzv olmaq istəyən əməkdaşların adını sadalayaraq onları bir-bir iclasda təqdim etdi.
Sonra YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov xalqımızın qədim və milli bayramı olan Novruz münasibəti ilə İnstitut kollektivini təbrik edərək bu bayramın ölkəmizdə hər il dövlət səviyyəsində qeyd edilməsində Azərbaycanın vətənpərvər oğlu Şıxəli Qurbanovun böyük rolunu diqqətə çatdırdı: “Xalq tonqalların işığında özünün tarixi yaddaşına - kökünə, mənşəyinə, bütövlüyünə qayıtmağa başladı”. Sonra sədr Yeni Azərbaycan Partiyasının yaranması, onun bu günə kimi keçdiyi şərəfli yol, Ulu Öndərin ölkəmizin inkişafı uğrunda dönməz, mübariz fəaliyyəti haqqında söhbət açdı. Bildirdi ki, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda xaosun qarşısı alındı. Yeni Azərbaycan Partiyasının 1992-ci il noyabrın 21-də Azərbaycanın məruz qaldığı ağır günlərdə Ulu öndər Heydər Əliyev tərəfindən yaradıldığını qeyd edən Tağı Əhmədov hazırda partiyanın üzvlərinin sayının 700 minə yaxın olduğunu diqqətə çatdırdı: “Sovetlər dövründə təkcə bir partiya olduğu halda, indi 55 partiya qeydiyyatdan keçib. YAP onlardan biridir. Yeganə partiya idi ki, 6 ay sonra iqtidar partiyasına çevrildi”.
Tağı müəllim Heydər Əliyevin NKVD-də işlədiyi dövrdə 85 nəfər vəzifəli şəxsin güllələnməsi məsələsi qarşıda durduğu zaman, onun həmin siyahını gizli saxlayaraq Respublika üçün bu savadlı və bacarıqlı insanları məhv olmaqdan xilas etdiyini dilə gətirdi və belə nümunələrin çox olduğunu söylədi.
Tağı Əhmədov Heydər Əliyev ideyaları əsasında fəaliyyətini davam etdirən YAP-ın Prezident İlham Əliyevin sədrliyi ilə bu gün gördüyü işlərdən, məhz bu inkişafı, müsbət dəyişiklikləri görən xalq arasında da partiya sıralarına qəbulun artmasından danışdı.
Rayon partiya təşkilatının sədri T.Əhmədov YAP-a yeni üzv olan İnstitut əməkdaşlarıını təbrik edərək onlara uğurlar arzuladı, Partiyanı layiqincə təmsil edəcəklərinə əmin olduğunu bildirdi.
Tədbirin sonunda görüş iştirakçıları xatirə şəkli çəkdirdilər.