Martın 1-də AMEA Coğrafiya İnstitutunda 1 Mart - Beynəlxalq Mülki Müdafiə Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Fövqəladə Hallar Komissiyasının sədri, İnstitutun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə mülki müdafiəyə hazırlığın əhəmiyyətini qeyd edərək, bu istiqamətdə keçirilən tədbirlərin və maariflənmə işinin vacibliyindən söz açıb.
İnstitutun mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev çıxış edərək mülki müdafiə gününün Coğrafiya İnstitutunda keçirilməsi ilə əlaqədar fevralın 11-də mülki-müdafiə qərargahının Fövqəladə hallar komissiyasının yığıncağının keçirildiyi haqqında məlumat verib. O, Beynəlxalq Mülki Müdafiə Gününün hər il konkret bir problemə həsr edildiyi kimi, builki tədbirlərin də “Mülki müdafiə və imformasiya texnologiyaları” mövzusuna həsr edildiyini qeyd edib.
Respublika ərazisinin aktiv zəlzələlər zonasında yerləşdiyini diqqətə çatdıran qərargah rəisi mülki müdafiə tədbirlərinin keçirilməsində əsas məqsədin əhalini təbii və texnogen qəzalardan, partlayış və yanğınlardan mülki müdafiəsini, yanğın təhlükəsizliyi, istehsalat və nəqliyyat qəzalarından mühafizəsinin təşkili işi ilə məlumatlandırmaqdan ibarət olduğunu bildirib. O, eyni zamanda, coğrafi informasiya sistemlərinin (GİS) və aerokosmik məlumatların fövqəladə hallarda tətbiqinin öz həllini gözləyən aktual məsələlərdən olduğunu da xüsusi vurğulayıb.
Coğrafiya elmləri doktoru Rəna Qaşqay, elmi katib Luiza Salayeva, kiçik elmi işçi Bibixanım İbrahimova, baş laborant Samir Vəlizadə və başqaları bugünkü tədbirlə əlaqədar öz təklif və fikirlərini bildiriblər.
Tədbir zamanı Azərbaycan Respublikası FHN-nin mövzuya dair təlimat xarakterli videomaterialları nümayiş etdirilib.