Martın 29-da Azərbaycan coğrafiya elminin inkişafında böyük xidmətləri olan, Dövlət Mükafatı Laureatı, AMEA-nın müxbir üzvü, coğrafiya üzrə elmlər doktoru, professor Elbrus Əlizadənin xatirəsinə həsr olunmuş “Azərbaycanın dağ geosistemləri: problemlər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Əvvəlcə alimin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclası giriş sözü ilə açan AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov alimin həyatı, onun elmi, pedaqoji və elmi-təşkilati fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, Elbrus Əlizadə coğrafiya elminin əsil cəfakeşi, tədqiqatçısı kimi tanınırdı. O, haqlı olaraq, görkəmli akademiklər H.Ə.Əliyev və B.Ə.Budaqovun, professorlar M.A.Müseyibov, N.Ş.Şirinov, A.A.Mikayılovun çox layiqli davamçısı hesab edilirdi. Onun həyat yoluna nəzər saldıqda inanmaq olmurdu ki, bir adam bu qədər işin öhdəsindən gələ bilər. E.Əlizadə tədris etdiyi fənlərin ən mürəkkəb məsələlərini sadə dillə, tələbələrin bilik səviyyəsinə uyğun izah etməklə öz yetirmələrinin sevimlisinə çevrilmişdi. O, tələbələrini həvəsləndirir, elmə həvəsi olanları elmlər akademiyasına dəvət edir, elmi-tədqiqat işlərinə istiqamətləndirirdi. İnstitut rəhbəri E.Əlizadənin qısa, lakin mənalı, zəhmət dolu həyatının hər bir gənc üçün nümunə ola biləcəyini qeyd edib, lakin belə tez həyatdan köçməsinə kədərlə təəssüfləndiyini bildirib.
AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək Elbrus Əlizadənin çox səmimi, sözünə və əməlinə sadiq, yüksək savada, ensiklopedik biliyə malik bir insan olduğunu diqqətə çatdırıb. Bildirilib ki, günün istənilən vaxtında ona müraciət edilirdisə, həmin andaca məsələ öz həllini tapırdı. Bütün bu xüsusiyyətlər Elbrus müəllimi Yer Elmləri Bölməsinin sevimli və savadlı üzvünə çevirmişdi. E.Əlizadə AMEA-nın müxbir üzvü seçilərkən büro üzvlərinin hamısı onun ona müsbət səs vermişdilər. Deməli, o hələ müxbir üzv olmaqdan əvvəl də böyük elmi nüfuza malik idi.
E.Əlizadənin rəhbəri olduğu şöbənin əməkdaşları tərəfindən onun 60 illik yubileyinə sürpriz kimi nəzərdə tutulmuş, lakin ölümündən sonra xatirəsinə ithaf olunmuş videofilm nümayiş olunub.
Sonra c.ü.f.d., dosent Mirnuh İsmayılov professor E.K.Əlizadənin elmi-tədqiqat işlərinin əsas istiqamətləri və nəticələri haqqında məruzə ilə çıxış edib. Qeyd edib ki, E.Əlizadə coğrafiya elminin ən perspektivli istiqamətlərindən biri olan dağlıq ərazilər relyefinin kosmik şəkillərin deşifrlənməsi materialları əsasında morfostruktur təhlili problemi üzrə tədqiqatlar aparmış və ölkəmizdən kənarda da yüksək qiymətləndirilən elmi-nəzəri və elmi-metodiki nəticələr əldə etmişdir. O, ölkəmizdə ilk dəfə olaraq morfostruktur təhlil istiqamətinə “xətti morfostruktur” və “morfostruktur düyünü” anlayışlarını gətirmiş və onların dağlıq ölkələrin morfostruktur quruluşundakı əhəmiyyətlərini elmi-nəzəri cəhətdən əsaslandırmışdır.
Elbrus Əlizadə elmi tədqiqatla yanaşı geniş pedaqoji fəaliyyətlə də məşğul idi. Bu barədə coğrafiya üzrə elmlər doktoru, professor Fərda İmanov “Professor E.K.Əlizadənin ali və orta məktəblərdə coğrafiya fənninin tədrisində və təbliğində rolu” mövzusu ilə məruzə edib. O həmçinin, dostunu bir alim, bir insan kimi çox yüksək xarakterizə edərək, onu nəhəng bir aysberqlə müqayisə edib, çatdırıb ki, əgər onun elmi, biliyi aysberqin görünən tərəfidirsə, ürəyi, xasiyyəti görünməyən hissəsidir. Bildirib ki, Elbrus Əlizadə coğrafiya elminə böyük töhfələr vermiş görkəmli alimdir.
Sonra BDU-nun dosenti Nərminə Seyfullayeva, alimin tələbəlik dostu, Bakı Kartoqrafiya Fabrikinin direktoru Müqabil Bayramov, AMEA Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Arif İsmayılzadə, ADPU-nun kafedra müdiri, dosent Oqtay Alxasov, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, c.ü.f.d. Mahirə Abbasova, BDU-nun kafedra müdiri, professor Tapdıq Həsənov və başqaları E.Əlizadə haqqında xatirələrini söyləyib, onun müsbət insani keyfiyyətlərini, yüksək elmi potensialını, savadını, iş qabiliyyətini xüsusi vurğulayıblar.
Çıxış edən iştirakçılar Elbrus Əlizadəyə Allahdan rəhmət diləyiblər.
Tədbirin sonunda mərhumun həyat yoldaşı, İnstitutun aparıcı elmi işçisi, c.ü.f.d. Sevil Quliyeva E.Əlizadə haqqında kövrək xatirələrini danışıb, onun haqqında xoş sözlər söyləyən, xatirəsini əziz tutan hər bir iştirakçıya, eləcə də, göstərdiyi diqqətə və qayğıya görə İnstitut rəhbərliyinə ailəsi adından dərin minnətdarlığını bildirib.