Noyabrın 3-də AMEA-nın Geologiya və Geofizika İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyası Yer elmləri Bölməsi Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr edilmiş ümumi yubiley yığıncağı keçirilib.
Tədbirdə Coğrafiya, Geologiya və Geofizika institutlarının və Respublika Seysmoloji Xidmət Mərkəzinin direktorları, elmi işlər üzrə direktor müavinləri, elmi katibləri, institutların elmi şuralarının üzvləri iştirak ediblər.
Bölmənin akademik katibi, akademik Fəxrəddin Qədirov “Yer Elmləri Bölməsinin inkişaf tarixi və prespektivlər” mövzusunda məruzə ilə çıxış edərək bölmənin fəaliyyəti haqqında geniş məlumat verib.
Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov “Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu: nailiyyətlər və prespektivlər” mövzusunda məruzə edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
İclasda həmçinin Geologiya və Geofizika, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktorları da eyni mövzuda məruzələrlə çıxış ediblər.
AMEA-nın 70 illik yubileyi ilə əlaqədar bölmənin nəzdindəki təşkilatlarda fəaliyyət göstərən bir qrup əməkdaş elmi və elmi-ictimai fəaliyyətlərinə görə YEB-in Fəxri Fərmanı ilə təltif olunub. Coğrafiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Anar Osmanlı, elmi katibi Luiza Salayeva, Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin rəhbəri c.ü.f.d. Nəriman Paşayev, həmin şöbənin aparıcı elmi işçisi Zaur İmrani, Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d. Elina Kərimova, İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Cəmilə Əhmədova və baş kitabxanaçı Şövqiyyə Məmmədova da mükafat alanlar sırasında olublar.
X.Rzazadə,
Cİ-nin ictimai əlaqələrə məsul əməkdaşı