17-18 sentyabr 2015-ci il tarixində Coğrafiya İnstitutunun 70 illik yubileyinə həsr olunmuş “Müasir qlobal dəyişmələrə geo- və təbii-təsərrüfat sistemlərinin adaptasiyası problemləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirildi. Konfransda Qazaxıstan və Gürcüstanın Coğrafiya İnstitutlarının direktorları və tanınmış coğrafiyaçı alimləri, Rusiya, eləcə də Azərbaycanın müxtəlif elm, təhsil ocaqlarından alim-mütəxəssislər, dəvətli qonaqlar, əlaqədar təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi.
AMEA prezidenti akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq yığıncağı bayram konfransı adlandırdı. Coğrafiya elminin zəngin tarixi olduğunu söyləyərək onun dünya elminə verdiyi töhfələrdən, Coğrafiya İnstitutunun yarandığı ilk illərdən ona rəhbərlik edən alimlərdən söhbət açdı, Azərbaycanın coğrafiyaçı alimlərinin əməyini yüksək qiymətləndirdi. Çıxışının sonunda AMEA rəhbəri institutunun kollektivini yubiley münasibətilə təbrik etdi, konfransın işinə uğurlar arzuladı.
Sonra Coğrafiya İnstitutun direktoru, akademik Ramiz Məmmədov institutun keçdiyi tarixi yolu əks etdirən “Coğrafiya İnstitutu - 70” mövzusunda geniş məruzə etdi.
O, Coğrafiya İnstitutunda ölkə ərazisində təbii, iqtisadi və sosial coğrafi proseslərin inkişafı, onların qarşılıqlı əlaqələri, təbii ehtiyatların yerləşməsi qanunauyğunluqları, onlardan səmərəli istifadə yollarının öyrənilməsi üzrə aparılan elmi-tədqiqat işlərindən söhbət açdı. Biosferin, atmosferin və dənizin təbii sərvətlərinin tədqiqi, onlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi üzrə bir sıra elmi problemlərin işlənilməsindən danışdı. İnstitutda iqlimin proqnozu, hidrometeoroloji proseslərin tədqiqi, landşaftşünaslıq, geomorfologiya, paleocoğrafiya, neotektonika, biocoğrafiya və Xəzər dənizi sahəsində tədqiqatlar aparılmışdır. 70 il ərzində bu elmi müəssisə tərəfindən 300-dən çox monoqrafiya, atlas, xəritə, 100-dən artıq kitab və dərslik, 5000-ə yaxın məqalə çap olunmuşdur.
Akademik R.Məmmədov rəhbərlik etdiyi elm müəssisəsinin yaranma tarixini, 70 ildə gördüyü işləri, əldə etdiyi nailiyyətləri özündə əks etdirən “Coğrafiya İnstitutu 70 ildə: nailiyyətlər, perspektivlər, prioritet istiqamətlər” kitabının çapdan çıxdığını bildirdi. Diqqətə çatdırdı ki, nəşrdə nəinki indiyədək əldə olunan elmi nəticələr, həmçinin 2020-ci ilədək ölkənin strateji inkişaf planına uyğun olaraq institutda aparılacaq elmi-tədqiqat işləri, o cümlədən təbii təsərrüfat sistemlərinin inkişafı, ətraf mühitə təsirləri, coğrafiya elmi qarşısında duran problemlər, qlobal iqlim dəyişmələrinin Azərbaycan iqlimində əksi və digər prioritet istiqamətlər öz əksini tapıb. Akademik son vaxtlar Coğrafiya İnstitutunun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atılmış mühüm addımlardan da danışıldı.
Sonra Kazaxıstan Coğrafiya İnstitutunun direktoru Axmedxan Medeu, Gürcüstan Coğrafiya İnstitutunun direktoru Nana Bolaşvili, Qazaxıstan Milli Coğrafiya Cəmiyyətinin Korporativ Fondunun icraçı direktoru Jana Rüstəm, İtaliya Milli Elmlər Akademiyası Biofizika İnstitutunun direktoru Stefano Viqnudelli, Qazaxıstan MPU-nun professoru, c.e.d. Baxadurxan Abdimanapov, BDU coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov, SAM-ın direktoru Fərhad Məmmədov, ADPU coğrafiya fakültəsinin dekanı Mətanət Əsgərova, c.e.d., professor Neron Babaxanov, Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun direktoru, c.e.d., professor Rza Mahmudov, c.e.d., professor Şövqi Göyçaylı çıxış edərək əlamətdar gün münasibətilə Coğrafiya İnstitutunun əməkdaşlarını təbrik etdi, onlara yeni uğurlar arzudı.
Fasılədən sonra konfrans işini iki gün ərzində bölmə iclaslarında davam etdirdi. Konfransda müasir qlobal dəyişmələr, onların təbii-təsərrüfat sistemlərində, su ehtiyatları ilə təminatda, Xəzər dənizinin ekocoğrafiyasında yaratdığı sosial-iqtisadi və regional problemlər, təbii-təsərrüfat sistemlərinin müasir şəraitə adaptasiyası məsələləri və s. haqqında məruzələr dinlənildi, mövzular ətrafında geniş müzakirələr aparıldı..
Yubiley ilə əlaqədar keçirilən elmi konfransın tərkib hissəsi kimi “Geomorfologiya və təbii risklər” şöbəsində Respublikanın ərazisindəki sürüşmələr zonasına (Şamaxı-İsmayıllı rayonları), antecedent dərələr kompleksinə (Axsu rayonu) və Pirqulu astpofiziki rəsədxanasına səyahət təşkil edilmişdir. Səyahətdə şöbə əməkdaşları ilə birlikdə konfrans iştirakçısı, Kuban Dövlət Universitetinin Geomorfologiya kafedrasının müdiri, professor Y. V. Yefremov da iştirak etmişdir.
Eyni zamanda lаndşaftşünaslıq вə landşаft planlaşdırılması şöвəsinin əməkdaşları tərəfindən Qazaxıstan, Rusiya, Gürcüstan və İtaliyadan olan qonaqlar üçün bir sıra ekskurslar təşkil olunmuşdur. Konfrans iştirakçıları Bakı şəhərinin bir çox tarixi və görməli yerlərində olmuş, eləcə də Qobustan Milli Tariхi Вədii Qoruğunа səfər etmişlər. Qonaqlar böyük maraqla 3D Muzeyinin ekspozisiyaları və qayaüstü petroqlif-rəsmləri ilə tanış olmuş, sonra isə Daşgil palçıq vulkanına yürüş etmişlər.
Yubiley tədbirində institutun 70 ildə inkişaf yolundan bəhs edən slaydlar nümayiş olundu.