Elmi səfər başa çatıb 2015-06-19 21:49:00 / TƏDBİRLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun 70 illik yubileyi ilə əlaqədar Bakı-Şamaxı-İsmayıllı-Qəbələ marşrutu üzrə səyyar elmi səfər başa çatıb.

İnstitut direktoru, akademik Ramiz Məmmədovun təşəbbüsü ilə baş tutan səfərin məqsədi İnstitutun 70 illik fəaliyyəti dövründə qazanılmış elmi nailiyyətlər, müasir coğrafi tədqiqat sahələri ilə region sakinlərini tanış etmək, bu elm sahəsinə  olan marağı artırmaqdır.

Hörmət əlaməti olaraq İnstitut əməkdaşları olduqları yerlərdə ilk əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə çiçəklər qoymuş, muzey-mərkəzini  ziyarət ediblər.

İlk görüş Şamaxı şəhərində,  İncəsənət Təhsili Mərkəzində Şamaxı rayon fəallarının, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı rayon filialı, orta ümumtəhsil məktəbləri və kolleclərinin coğrafiya müəllimləri və tələbələrinin iştirakı ilə keçirilib.

Rayon icra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova elm və təhsilin, eləcə də coğrafiyanın əhəmiyyətindən danışıb, institut kollektivini yubiley münasibətilə təbrik edib, uğurlar arzulayıb.

İnstitutun direktoru, akademik Ramiz Məmmədov Coğrafiya İnstitutu, onun yaranma tarixi, strukturu, məşğul
olduğu tədqiqat sahələri, tanınmış alimləri, beynəlxalq əlaqələri, qazandığı nailiyyətlər, Xəzər dənizinin coğrafi tədqiqi və s. haqqında geniş məlumat verib.

Sonra elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbiri üzvü Elbrus Əlizadə  “Böyük Qafqaz və Şamaxıda təbii proseslərin inkişaf perspektivləri”, coğrafiya elmləri doktoru Zakir Eminov  “Şamaxı regional rayonunun sosial-iqtisadi inkişafı” və  aqrar elmlər üzrə fəlsəfə doktoru, İsmayıl Quliyev “Şamaxı rayonunun torpaq örtüyünün keçmişi, bu günü və gələcək problemləri” mövzularında məruzələr ediblər. Çıxışının sonunda İ.Quliyevin Şamaxıya ithaf etdiyi şeri hamıda xoş təəssürat yaradıb. İştirakçıları  maraqlandıran qlobal istiləşmə, təbii su ehtiyatlarının azalması təhlükəsi barədə suallar cavablandırılıb.

Səfərin ikinci günü institut kollektivi  İsmayıllı şəhərinin Heydər Əliyev Mərkəzində İcra Hakimiyyətinin məsul əməkdaşları,   məktəb direktorları, təhsil müəssisələrinin coğrafiya müəllimləri və digər rayon fəalları ilə görüşüb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov tədbiri giriş sözü ilə açaraq İsmayıllı rayonunun sosial-iqtisadi, demoqrafik  vəziyyəti, son zamanlar qazanılmış nailiyyətləri barədə məlumat verib.  Azərbaycanda keçirilən Avropa oyunları ilə əlaqədar rayona gəlmiş Bolqarıstan prezidentini ötən gün yola salan icra başçısı bu gün coğrafiyaçı alimləri İsmayıllıda salamlamaqdan qürur duyduğunu da dilə gətirib. 

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov isti qəbula, görüşün yüksək səviyyədə təşkilinə və maraqlı, dolğun çıxışına görə İnstitut həmkarları adından icra başçısına öz minnətdarlığını bildirib. Sonra o, Coğrafiya İnstitutunun dünəni, bu günü və  sabahı haqqında  geniş məruzə ilə çıxış edib. Akademik məruzəsində AMEA-nın 60 illik yubileyində iştirak edən ümummilli lider Heydər Əliyevin  “Bizim məqsədimiz Azərbaycanın qara qızıl potensialını intellektual potensiala çevirməkdir”  fikrini ön plana çəkərək  elmə, təhsilə önəm verməyin  ölkə rəhbərliyinin həmişə diqqət mərkəzində  olduğunu vurğulayıb. R.Məmmədov Dağlıq Şirvan zonasının həmişə görkəmli alimləri, məktəbləri,  şairləri ilə fərqləndiyini  xüsusi qeyd edib.

Coğrafiya İnstitutunun alimləri – direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, coğrafiya üzrə fəlsəfə doktorları - İnstitut Həmkarlar Təşkilatının sədri Habil Haqverdiyev, iqtisadi coğrafiya şöbəsinin müdiri Nəriman Paşayev, hidrologiya şöbəsinin müdiri, coğrafiya elmləri  doktoru Rəna Qaşqay çıxış edərək ali və orta təhsil tələbələri üçün coğrafiya dərsliklərinin tərtibi, İsmayıllı rayonunda qeyri-neft sektorunun  inkişaf etdirilməsi, onun ümumi sosial-iqtisadi problemləri, sudan səmərəli istifadənin zəruriliyi və s. haqqında danışıblar, iştirakçıları maraqlandıran suallara geniş  cavablar veriblər.

Akademik Ramiz Məmmədov ümumi işin xeyrinə olaraq, təkidlə yerli görüş iştirakçılarından istənilən vaxt Coğrafiya İnstitutuna onları maraqlandıran sual, təklif, tənqid və sairlə müraciət etmələrini və ya məktub göndərmələrini xahiş edib.

Tədbirin sonunda rayon icra başçısının müavini Sevil Əhmədova rayon rəhbərliyi adından akademik Ramiz Məmmədova öz minnətdarlığını bildirib və belə tədbirlərin mütəmadi keçirilməsini məqsədəuyğun hesab edib.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2019