4 iyun 2015-ci il tarixində AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri üçün “Müasir coğrafi tədqiqatlar və onların CİS mühitində tədqiqi” mövzusunda seminar-məşğələ keçirib. Seminar-məşğələnin keçirilməsi Təhsil Kompleksi şagirdlərində coğrafi biliklərə, eləcə də coğrafiya elminə marağın artırılması məqsədinı daşıyırdı.
İnstitutla ümumi tanışlıqdan sonra uşaqlar ən müasir avadanlıqlarla təchiz olunmuş Xəritəçilik və coğrafi informasiya şöbəsində olublar. Burada şöbənin kiçik elmi işçisi, GAMŞ idarə heyətinin üzvü Rauf Əmənov sürətli kompyuterlər, plotterlər və professional skanerləri nümayiş etdirib, şagirdlərə coğrafi informasiya texnologiyalarının, eləcə də ArcGİS 10.2 proqram təminatının köməyi ilə xəritələrin və Azərbaycanın geoinformasiya bazasının hazırlanması barədə məlumat verib. Şagirdlər həmçinin, Ukraynadan alınmış "СЕР-01 ElvaX" stolüstü rentgen-fluoressensiyalı spektrometrinin köməyi ilə su və torpağın tərkibindəki mikroelementlərin müəyyənləşdirilməsi prosesini də izləyiblər.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri, c.ü.f.d. Samirə Ələkbərova Coğrafiya İnstitutunun 70 ildə qazandığı nailiyyətləri əks etdirən videoçarxın müşayiəti ilə İnstitut haqqında məruzə edib, İnstitutun strukturu, tarixi, tədqiqat sahələri, nəşr fəaliyyəti, tanınmış alimləri və s. haqqında danışıb. Gənc alimlər şagirdləri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.
Sonda şagirdlərin seminar-məşğələdə iştirakını təmin edən məktəbin coğrafiya müəllimi Rafiq Məmmədov tədbirin keçirilməsinə və onlar üçün yaradılmış şəraitə görə institut rəhbərliyinə və Gənc Alim və Mütəxəssislər Şurasına öz minnətdarlığını bildirib.