Mayın 20-də AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun növbəti Elmi Seminarı Bolqarıstan tədqiqatçısı, yazıçı, Strategiya və Analiz Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Stoyan Dinkovun “Paleocoğrafiya və DNK-genealogiyası” mövzusunda məruzəsinə həsr olunub.
İclasa sədrlik edən İnstitutun direktoru, akademik Ramiz Məmmədov məruzəçi haqqında məlumat verərək deyib ki, məşhur bolqar şairi İvan Dinkovun ailəsində boya-başa çatmış alim Bolqarıstan və Türkiyənin ümumi tarixi və paleocoğrafiyasının tədqiqi ilə məşğuldur. Tədqiqatçı alim bu mövzuya həsr olunmuş “Osmanlı-Roma imperiyası, bolqarlar və türklər”, “Turan – ckiflərdən və hunlardan, türklərə və bolqarlara qədər”, “Genetika və poleocoğrafiyada politonimlər” və s. bu kimi kitabların müəllifidir. 2013-cü ildən Bakıda yaşayan S.Dinkov bu istiqamətdə tədqiqatlarını davam etdirərək paleocoğrafiya və paleotarixdə genetikaya həsr olunmuş “Dağlıq Qarabağın genetik landşaftının paleocoğrafiyası” kitabını nəşrə hazırlayır.
Məruzə ilə bağlı müzakirələrdə Coğrafiya İnstitutunun əməkdaşları ilə yanaşı, tərcüməçi-jurnalist Əlisəfa Mehdiyev də iştirak edib.
Sonda məruzəçi seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb və respublikamızda da sahələrarası yeni elmi istiqamət olan genetik paleocoğrafiya üzrə elmi tədqiqatların aparılmasını arzulayıb.