Paris tədbirində 2015-04-02 11:11:00 / TƏDBİRLƏR

Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov AMEA Beynəlxalq Əlaqələr İdarəsinin maliyyə dəstəyi ilə mart ayının 17-dən 19-dək Avropa Komissiyasının 7-ci Çərçivə Proqramı (FP7) ilə dəstəklənən, Şərqi Asiya-Avropa Birliyi şəbəkəsi (SEA-EU-NET II) tərəfindən Parisdə təşkil olunmuş  “Elm, Texnologiya və İnnovasiya - 2015” adlı elmi toplantıda iştirak etmişdir.

R.Kərimov görüş çərçivəsində müxtəlif elmi sessiyalara qatılmış, o cümlədən “Beynəlxalq perspektivdə iqlim dəyişiklikləri və sudan istifadə: Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələri arasında elmi mənzərə” mövzusunda keçirilən elmi forumun iştirakçısı olmuşdur. Parisin Elm və Sənaye Şəhərciyində təşkil edilmiş bu tədbirdə Avropa və Asiyanın 30-a yaxın ölkəsindən - Fransa, Almaniya, İngiltərə, İtaliya, Avstriya, Yaponiya, Tailand, Sinqapur, Filippin və s-dən 200-ə yaxın tədqiqatçı alim iştirak etmişdir. Elmi forumda iqlim dəyişkənlikləri, su ehtiyatlarından səmərəli istifadə, onların içməli su və enerji mənbəyi kimi diqqət mərkəzində saxlanması, mühafizəsi, su hövzələrində, dənizlərdə suyun tərkibinin öyrənilməsi, insan sağlamlığı kimi mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır. Avropa və inkişafda olan Asiya ölkələri arasında elmi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olunmuşdur.

SEA-EU-NET II çərçivəsində növbəti görüşün 2016-cı ildə Vyetnamın Hanoy şəhərində keçirilməsi planlaşdırılır.